Bir saat “debil”lərin arasında

-bir-saat-debillerin-arasinda
Oxunma sayı: 2561


Elektron ünvanıma göndərilmiş məktublarla tanış olmaq üçün Bakının mərkəzində fəaliyyət göstərən internet salonlarının birinə daxil oldum. İçəridə cəmi beş-altı yeniyetmə əyləşsə də, səs-küydən ağız deyəni qulaq eşitmirdi. Buna görə də özlərini yaxşı aparmaları üçün onlara bir neçə dəfə xəbərdarlıq etmək məcburiyyətində qaldım.

Təxminən yarım saat sonra salona 16-17 yaşlı bir oğlan daxil oldu. O, ətrafa ani nəzər salandan sonra sol tərəfimdə əyləşmiş gəncə yaxınlaşıb, onun boynunun arxasına bir şapalaq ilişdirdi: “Boyunu yerə soxum, 3 ildi müəllim yanına gedirsən, cəmi 5 bal yığmısan. Atanın çörəyi sənə haram olsun”.

Oğlan gözünü bir neçə saniyə kompüterin ekranından ayırıb, belə cabab verdi: “Get, tullan!” Sonra isə kobud bir söyüş söyüb, oyununa qaldığı yerdən davam etdi.

Hər iki gəncin həmyaşıd olduğunu və bir-birinə ərkləri çatdığını başa düşdüyüm üçün bu dəfə onların sözünə əhəmiyyət vermədim.

Qəbul imtahanlarında aşağı nəticə göstərdikləri üçün dostlarını məzəmmət edən gənc bu dəfə sağ tərəfimdə əyləşmiş oğlana yaxınlaşdı. O, kompüterdə hansısa oyuna aludə olmuş tanışının başına bir qapaz vurdu: “Ay zırrama, yığdığın baldan utandınmı? Balaca uşaq da səndən çox bal toplayardı. 7 balın başına dəysin”.

Arxadan gülüş səsi eşidildi. Bayaqdan bəri dostlarını asıb-kəsən gənc dabanları üstdə geri fırlandı. O, “əclaf, sən niyə gülürsən? Guya 12 bal yaxşı nəticədir?”, - deyib komanda halında oyun oynayan dostlarının ünvanına yağlı bir söyüş işlətdi.

Əsəblərim tab gətirmədiyi üçün ayağa qalxıb, özünü alim hesab edən gəncin yaxasından yapışdım: “De görüm, sən neçə bal yığmısan?”

Oğlan özünü itirdiyi üçün cavab verə bilmədi. Onun qorxduğunu görüb, bir addım geri çəkildim. Bu dəfə səsimə bir qədər mülayimlik qatdım: “A bala, sizə deməyiblər ki, özünüzdən böyük adamın yanında söyüş söymək olmaz?”

Salona dərin sükut çökdü. Bərk dilxor olduğum üçün cibimdəki qəpiklərin hamısını masanın üstünə atıb, bayıra çıxdım. Beş-altı addım atmağa macal tapmamış bir az əvvəl məzəmmət etdiyim gənc gəlib qabağımı kəsdi: “Müəllim, mən onlar kimi savadsız deyiləm. Qəbul imtahanından 25 bal yığmışam”.

Dilimin ucuna qədər gəlmiş sözləri geri qaytarmaq istəmədim: “Ağzını açanda “debil” olduğunu anlamışdım”.

Oğlan cavab qaytarmadı. Bəlkə də “debil” sözünün mənasını başa düşməmişdi...

Bakının mərkəzi küçələrindən birində fəaliyyət göstərən internet salonunda qarşılaşdığım bu mənzərə qəlbimin başını göynətdi. Aydın məsələdir ki, hamı alim ola bilməz. Amma hamı ictimai yerdə özünü adam kimi aparmağa borcludur...