“Biz inəklərin aksiyası kimi aksiya keçirəcəyik”

-biz-ineklerin-aksiyasi-kimi-aksiya-kecireceyik
Oxunma sayı: 1210


Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, vaxt məfhumunun iqtisadiyyata, xüsusilə də əmək məhsuldarlığına təsiri yoxdur. Ekspertin sözlərinə görə, zamanın dəyişməsi iş gününün uzunluğuna təsir etmədiyindən, bunu daha çox psixoloji yöndən qiymətləndirmək lazımdır: “Zamanı dəyişəndə iş müddəti həmin rejimə uyğunlaşdırılır. Yəni, sırf iqtisadi  baxımdan vaxtın irəli-geri çəkilməsinin elə bir əhəmiyyəti yoxdur. Sözsüz ki, psixoloji ovqatın iş prosesinə təsiri var. Bu baxımdan, saatların çəkilməsinin işin gedişatına təsiri ola bilər. Insan istehsalatda əsas faktorlardan biridir. Bu baxımdan onun psixoloji cəhətdən tez-tez dəyişkən formaya düşməsi müsbət hal deyil. Yaxşı olardı ki, insanların psixologiyasında sabitliyin təmin olunması həyata keçiriləydi. Insanlar uzun müddət ərzində konkret vaxta uyğunlaşırlar və belə süni şəkildə dəyişmə fokuslaşdıqları vəziyyəti dəyişir. Konkret iqtisadi göstəricilər baxımından isə bunun elə bir ciddi təsiri yoxdur”.

Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov isə yay-qış vaxtına keçidin insan səhhətinə ciddi zərər vurduğunu bildirir. Hüquq müdafiəçisi vaxtla bağlı insanların uyğunlaşdığı adət və iş həyatının da dəyişdiyini deyir və bu zaman ciddi xəstəliklərin meydana çıxmasını istisna etmir. O həmçinin vaxtın irəli-geri çəkilməsi barədə Milli Elmlər Akademiyasına etdikləri müraciətə müsbət cavab verildiyini qeyd edir: “Milli Elmlər Akademiyasının müvafiq rəyi var ki, saatların əqrəblərinin çəkilməsinin heç bir əhəmiyyəti yoxdur. Əksinə, saatların əqrəblərinin irəli-geri çəkilməsinin insan səhhətinə böyük ziyanı var. Elmlər Akademiyası öz rəyini Nazirlər Kabinetinə göndərib. Təəssüf ki, Nazirlər Kabineti bunu qəbul etmir və yay vaxtına keçidin vətəndaşlarımıza nə verdiyini isbat edə bilmir. Hökumət bunun iqtisadi cəhətdən qənaətini əsaslandıra bilmir. Bununla bağlı müraciətimiz hazırda Avropa Məhkəməsindədir və məsələnin müsbət formada həll olunacağına ümidliyik”.

Yusif Bəkirov onu da əlavə edib ki, yay vaxtına keçidlə əlaqədar inəklərin südü azalır. Onun sözlərinə görə, inəklər səhərlər müəyyən vaxtda süd verir və saatlar çəkiləndə bu fərqə görə heyvanlarda südvermə başlamır: “Yay vaxtına keçid olarsa, biz inəklərin aksiyası kimi maraqlı bir tədbir həyata keçirəcəyik. Biz illərdir insanlara saatların irəli-geri çəkilməsinin heç bir əsası olmadığını sübut edirik. Insanlardan bir hərəkət olmadı, ona görə də heyvanların aksiyasını keçirmək istəyirik”.

Xatırladaq ki, Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarı ilə hər il mart ayının son bazar günü Azərbaycan ərazisində yay vaxtına keçilir, yəni əqrəblər bir saat irəli çəkilir.

Azadliq.info