Televiziyada işləyən vaxtlarda redaksiyamıza bir məktub daxil oldu. Məktubu bir binanın sakinləri yazmışdı, özü də altından 20 nəfərin imzası ilə. Sakinlər yazırdılar ki, bizim binanın zirzəmisini neçə illərdir ki, su basır. Yayda ağcaqanad əlindən oturmaq olmur. Üstəlik, uşaqlarının tez-tez böyrək ağrısından əziyyət çəkmələrini də vurğulayırdılar. Binada isə get-gedə çatlar əmələ gəlir. Sonda o da yazılırdı ki, bu məsələ ilə bağlı rayon icra hakimiyyətinin başçısına, ərazinin Mənzil İstismar Sahəsinə müraciət ünvanlayıblar. Hətta cavab çıxmadığını görüb Prezident Aparatına, Respublika Prokurorluğuna və bu məsələyə aidiyyatı olmayan qurumlara da problemi çatdırıblar.
Beləliklə, üz tutduq həmin ünvana. Sakinləri dinlədik, Mənzil İstismar Sahəsinin mühəndisindən müsahibə aldıq. Mühəndis son illərin adətinə xilaf çıxmayıb bildirdi ki, “problem nəzarətimiz altındadır, buna görə iclas etmişik və yaxınlarda həllini tapacaq”. Yəni, yalanı utanmadan üzümüzə dedi. Daha demədim ki, məsələ həllini atpsaydı, indiyə tapardı. Əlqərəz, operatorla zirzəmiyə endik ki, oranı da çəkək. İçərini su basmışdı, həm də ağcaqanad ordusundan göz açmaq olmurdu. Operator kadrlar çəkən anlarda fikirləşdim ki, görəsən buranı niyə su basır? Kamera işığı ilə suyun axma mənbəsini axtarıb tapdım. Məlum oldu ki, yarım metrlik su borusu çürüdüyünə görə buradan su damırmış. Hər ikimiz dəhşətə gəldik. Deməli, bu yarım metrlik su borusuna görə bina illərdir ki, çökür. Deməli, məhz yarım metrlik su borusuna görə illərlə yuxarı instansiyalara məktublar ünvanlanıb. Halbuki, kimsə zirzəmiyə enib problemin başvermə səbəbini axtarıb tapa bilərdi. Çölə çıxıb sakinlərə dedik ki, “problem yarım metr su borusunda imiş. Siz 4-5 manat verib bu problemi özünüz həll edə bilməzdiniz?”. Sakinlər qışqırıb dedilər ki, “biz niyə həll etməliyik? Bəs, İcra Hakimiyyəti, Mənzil İstismar Sahəsi nə üçündür? Onların işini də biz görməliyik?”. Bilirdim belə deyəcəklər. Çox təəssüf ki, əksəriyyətimiz belə düşünürük. Yeri gəlmişkən, həmin gün maaş aldığımdan, 15 manat verib boru aldırdım, MİS-in ustası gəlib qaynaq etdi. Zirzəmiyə enib bir də yoxladıq, su kəsilmişdi. Bununla da məsələ həll olundu.
Əlbəttə, bir tərəfdən sakinlər bəzi qurumların işə məsuliyyətsiz yanaşmasını deməkdə düz iş görürlər. Amma problem illərlə həllini tapmırsa və bunun üçün 5-10 manat lazımdırsa, problemi sakinlərin özü də yoluna qoya bilər. Bizdə hələ də sosialist təfəkkürü mövcuddur. Adamlar düşünür ki, bütün işləri buna məsul şəxslər həll etməlidir. Əgər aidiyyatı qurumlar ərazini gəzmirsə, sakinlərin problemləri ilə maraqlanmırsa, məktublara reaksiya vermirsə, onda çıxış yolu adamların öz üzərinə düşür. Məsələn, hələ ötən əsrin əvvəllərində hər bir məhəllənin sakinləri özünə ağsaqqal seçərmişlər. Həmin ağsaqqal məhəllənin problemlərini həll etmək üçün sakinlərdən pul toplayarmış. Bütün işləri boynuna götürər, bununla da xırda işlər yerindəcə həll olunarmış. Əlbəttə, sakinlər küçənin asfaltlanması, eləcə də binanın qəzalı vəziyyətdə olmasının qarşısını 5-10 manatla ala bilməzlər. Bunlar yüksək maliyyə vəsaiti tələb edir, adamların buna gücü çatmaz. Amma yarım metr borudan ötəri illərlə məktub yazmaq və ağcaqanad içində yaşamaq, problemin həlli deyil. Ən azından o binada sən və uşaqların yaşayır.
Sakinlərdən pul yığmağa gəlincə, neçə illər bundan əvvəl baş verən hadisə yadıma düşdü. Yasamalda qaldığım binanın blokun qapısını uşaqlar söküb Novruz tonqalında qalamışdılar. Bir versiyaya görə hansısa narkoman gecə ikən sökərək taxta sexinə satıb. O binada qaldığım ilk günlərin birində liftin qarşısından iynə tapdım. Sonrakı günlərdə də belə iynələrdən çox gördüm. Məlum oldu ki, Yasamalın narkomanları bloka girib 9-cu mərtəbəyə çıxır, orada iynə vurub aşağı enirlər. Bəzən bu proses liftdə də baş verirdi. Sakinlərə təklif etdim ki, gəlin pul yığıb kodla işlənən qapı quraşdıraq. Onlar dedilər ki, bunu ərazinin MİS-i etməlidir, müraciət ünvanlamışıq. Sən demə dəfələrlə bunun üçün müraciət ediblər, məsələ həllini tapmayıb. Başa saldım ki, bunu özümüz etməliyik, onları gözləsək daha neçə illər keçəcək. Onu da anlatdım ki, hamının ailəsi var və narkomanların burada iynə vurması yaxşı hal deyil. Bəzən elə vaxtlar olurdu ki, iynə vurandan sonra onların mübahisələri evin içində də eşidilirdi. Bəzən iynənin dozasına görə hərdən pilləkənlərlə aşağı enəndə evlərin qapısına təpik atıb qaçırdılar. Bütün bunlardan boğaza yığılmışdım. Qabağa düşüb bir-bir qapıları döyüb pul yığdım. Bəziləri pul verməkdən imtina etdi. Onların da əvəzindən pul qoyub qapı istehsal edən müəssisədən usta gətirib məsələni həll etdim. Kodu sakinlərə verdim. Bununla da narkomanlardan canımız qurtardı. Həm də bu qapının qoyulması ilə blokumuz isti qaldı. Blok isti qalanda evləri də qızdırmaq asan olur. Düzdür, sonralar bəzi söz-söhbətlər də eşitdim, amma nə deyilir deyilsin. Məsələn, pul verməyənlərin bir-ikisi demişdi ki, “onun xeyri olmasa, qapıları döyüb pul yığmaz”. Bütün bunlar keçmişdə qaldı. Əsas odur ki, qapı məsələsi düzəldi. Bundan sonra blokun pəncərə məsələsini də həll etdik. Külək vıyıldayan pəncərələri plastik materialdan düzəltdirdik. Qonşu blokların isə hələ də qapısı yoxdur. Narkomanlar oralarda kef edib, qapılara təpik atıb qaçırlar.