Hələ ibtidai icma quruluşunda ilk insanların bir neçə dərdi varmış. Ovun uğursuzluqla nəticələnməsi, gecələməyə mağaranın tapılmaması, bir də paltar. Güclülər ocaq başında mamont ətindən qapıb yeyər, heyvanın dərisini əyinlərinə keçirib soyuqdan qorunarmışlar. Zəiflər isə depressiyaya düşərmişlər.
Yəni o vaxtlar nə Valentin Günündə sevgilisindən hədiyyə almağa, nə də qırmızı işıqdan keçməyə görə yüksək məbləğin ödənməsi gərginliyi yaşanmayıb. Sadəcə, 2-3 problem, vəssalam. İndi isə hər günümüz gərginlikdir.
Bizim ölkədə kimsə depressiyaya düşsə, bu mərəzdən qurtulmağa yer tapmayacaq. Ya psixoloqun yanında kursa gedəcək, ya psixiatrın verdiyi tərkibində uyuşdurucu maddələr olan tabletlər atacaq, ya da “yıxıl öl” tendensiyası. Ən yaxşı halda cəmiyyətdə havalı kimi gəzəcək. Bunun da təsiri özünü çox gözlətməyəcək. Qulaqlara pıçıldanacaq ki, filankəsin oğlu, ya qızı havalanıb. Bu yerdə dərdə çarə tapmaqda qədim müalicə üsulları işə düşəcək. Ya Maştağaya çiləyə aparılacaq, ya qorxu duası yazılacaq, ya da cindarın yanına göndəriləcək ki, içindəki cini çıxarsın. Ən sonda bütün bunların xeyri olmayanda tam qərar belə olacaq: o dəli olub.
Depressiyalı adamı güclə-birtəhər psixoloqun yanına aparanda isə əsasən belə sözlər eşidirlər: “Təsəvvür edin ki, dəniz sahilindəsiz, yaxud meşədəsiz, bülbüllər cəh-cəh vurur və sair”. Depressiyalı xəstə isə yazıq-yazıq gözlərini döyür. Axı, özünü necə dəniz sahilində təsvir etsin, bülbüllərin cəh-cəhini dinləsin, alınmır axı. Alınsaydı özünə umac ovardı da. Hörmətli psixoloqlar bilməlidir ki, bu təskinlik testləri depressiyalı xəstə üçün keçmir. Onların yüngülləşməsi üçün bir çarə lazımdır. Belə mərəzə tutulanlar içdən boşalmalıdır. İçdən boşalmaq üçünsə yer yoxdur. Qışqırsa, tutub tənbeh edəcəklər, polis şöbəsində izahat işi aparılacaq, nəslin ağsaqqalları gəlib başına ağıl qoymaq üçün rəhmətlikləri misal çəkəcək, rəvayətlər danışacaqlar. Ağlayacaq, deyəcəklər “kişi ağlamaz”. Uzun-uzadı danışmayacaq, deyəcəklər içinə qara ruhlar doluşub, get-gedə ondan aralı gəzəcəklər. Bununla da gərginlik daxili yeyəcək. İnsan içinə yığılanları boşaltmalıdır, əks halda şam kimi əriyəcək və günlərin birində gözünü yumacaq.
Bu günlərdə Türkiyənin istehsalı olan “Kocan kadar konuş” filminə baxdım. Filmin qəhrəmanı depressiyaya düşür, ailəsinin məsləhəti ilə onu meyxanəyə göndərirlər. Qəhrəman orada səhərə qədər qalır, qışqırır, mahnı oxuyur, göz yaşları axıdır. Özü də burada olarkən belə mərəzə tutulanın başının üstündə musiqiçilər mahnı ifa edirlər. Sən sakitləşib oradan çıxmayana qədər, musiqiçilər də evə getmir. Türkiyədəki tələbə yoldaşım dedi ki, “bizdə belə məkanlar çoxdur. Bura gələnlərin hamısı depressiyaya düşənlərdir. Kimisi sevgisinin qarşılığını görməyib, kimisi ata-anasını itirib, kimisi də bütün arzuları yerinə yetdiyindən tutulub bu mərəzə. Burada qışqırıb ağlayana irad tutulmur, çünki gələnlər də özü kimilərdir. Bəzən belə məkanlarda 1, bəzən 10 günə sakitləşirlər”.
Elə əvvəlki türk filmlərində də bunu görmək mümkündür. Qəhrəmanlar gərgin anlar yaşayırlar, qarşılarına raki süzüb içirlər. Demirəm ki, depressiyaya düşənlər spirtli içkilər qəbul etməlidir, ancaq sakitləşmək üçün beləsindən yaxşı məkan tapmaq mümkünsüzdür. Yaşlı kişilərimiz deyir ki, Azərbaycanda meyxanələr olub. Bəzən meyxanə deyəndə əksəriyyət “Dəli Kür” filmində Cahandar ağanın bacısının kişilər məclisinə gətirilməsini və Mirzə Babayevin oxuduğu qorxulu mahnını yada salır. Düzdür, bizdə o cür də meyxanələr olub. Ancaq eyş-işrətin mövcud olmadığı, yalnız spirtli içkilər verilən, qəlyan çəkilib çay içilən məkanların mövcudluğunu indiyə qədər xatırlayan yaşlı adamlarımız var. Sırf depressiyayaya düşənlər üçün isə o cür məkanlarımız heç vaxt olmayıb. Bizdə qışqırmağa, ağlamağa, öz-özünə mahnı oxumağa hələ əvvəldən pis baxılıb. Ona görə indi kimsə gənc yaşında gözlərini əbədilik yumanda təəccüblənmək lazım deyil. Çünki o gənc içini dolduran qəmini, ahu-zarını boşaltmağa yer tapmır. Qohumlar, dost-tanış ilk günlər belələrinə ürək-dirək verirlər, amma aylar keçəndən sonra bezirlər. Psixoloqların müalicə kursları isə əksər vaxtlarda səmərə vermir.
Belələri harada əvvəlki sakit həyatına qayıtsın? Bizim depressiyalı harada qışqırsın, harada mahnı oxusun ki, gərginlikdən qurtulsun? Onu fitə basıb dəli adı verməzlərmi? Necə ki sevgidən depressiayaya düşən oğlana neçə əsrlər bundan əvvəl Məcnun adı verdilər. Onda belə çıxır ki, nəyimiz var, içimizdə saxlayaq. Çünki cəmiyyətimiz belə şeyləri qəbul etmir. Ölürsən, de ki, həyat gözəldir. Xəstəsən, de ki, sağlamam. Depressiyaya düşənlər, özünüzü üzməyin. Daha neyləyək, bizdə buna pis baxırlar. Bu gərginlikdən birtəhər çıxın. Belə acığa.