Xatırlayırsınızsa, neçə illər bundan əvvəl prezident İlham Əliyev Kür çayı ətrafında yaşayan sakinlərin ekoloji təmiz su ilə təmin olunmasına dair sərəncam verdi. Sərəncamdan sonra ərazisindən Kür çayı keçən kəndlərdə avadanlıqlar quraşdırıldı. Avadanlığın rolu nədən ibarət idi? Deməli, Kür çayının palçıqlı suyu mator vasitəsilə həmin avadanlığa ötürülür. Avadanlığın sağ tərəfində o su duruldulur. Ordan isə avadanlığın sol hissəsinə ötürülür. Bax, orada durulan suya çatışmayan mikrolementlər əlavə edilir. Yod, maqnezium və sair. Bununla da su içməli hala gətirilməklə yanaşı, həm də insan bədəninə lazım olan bütün mikroelementlərlə zənginləşdirilir. Belə su ümumdünya tələblərinə cavab verir.
Əvvəllər isə kəndli həmin suyu hovuza doldururdu. Hovuzda nisbətən durulandan sonra su daşına tökülürdü. Sovet vaxtlarında belə daşlar İrəvandan gətirilərdi. Son illər isə belə daşlar Qazax rayonunda yontalanır. Beləliklə, kəndə sakini damcılaya-damcılaya necə saatdan sonra topalanan bir vedrə suya möhtac qalırdı. Kəndli həmin suyu da içməyə çəkinirdi. Əksəriyyət, qaynatmağa üstünlük verirdi.
Diqqətlə oxuyun. Sözümün canı var. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin köməkliyi ilə həmin ərazilərə üz tutduq. Həmin sudan içdik və çəkilişə başladıq. Qeyd edim ki, belə su insan orqanizmini kir-pasdan təmizləyir, beyni dincəldir, əhval-ruhiyyəni yaxşılaşdırır.
Çəkiliş zamanı gördük ki, kəndin hər küçəsində su bulaqları quraşdırılıb. Hər gün səhər 2 saat oradan dünya standartlarına uyğun su axır. Bununla da sakinlər özlərinin gündəlik içməli su təlabatını ödəyə bilər. Çəkdik və paytaxta qayıtdıq. Süjet çox yaxşı alındı. İki aydan sonra yenə bu mövzunu işlədik, həm də sakinlərdən müsahibə almaq da lazım gəlirdi.
Kəndə gələndə gördük ki, bələdiyyə üzvü nəsə dodağının altında deyinir. Məlum oldu ki, dəmir çərçivəyə alınan su avadanlığının qapısının qıfılını kimsə oğurlayıb. Sən demə, bu neçənci dəfədir ki, baş verirmiş. Düşündük ki, hər yerin zayı var. Bu, hələ son deyildi. Kəndin küçəsinin birində gördüyümüz mənzərədən dəhşətə gəldik. Sakinlərdən biri bulaq başında durub həmin sudan inəyinə içirdirdi. Təsəvvür edin, milyonlar hesabına əmələ gələn avadanlıqlar və milyonlar hesabına durulaşdırılan dünya standartlarına uyğun su inəyə içirilirdi. Özümüzə təskinlik verib düşündük ki, bu bir təsadüfdir. Keçdik növbəti küçəyə. Burada gördüyümüz mənzərədən sonra ürəyimiz daha da sancdı. Qadınlar tərkibi mikroelementlərlə zənginləşdirilən, insan orqanizmini saflaşdıran, beyinləri gücləndiriən suda paltar yuyurdular. Yenə də özümüzü ələ alıb sakinlərdən müsahibələrə hazırlaşdıq. Sualımız belə oldu: “Belə ekoloji sudan razısınızmı?”. Sakinlərdən biri dedi ki, “daşdan süzülən su bundan şəffafdır”. O biri dedi ki, “yaxşıdır, Allah prezidentimizə can sağlığı versin”. Üçüncünün cavabı isə daha dəhşətli oldu. Həmin cavab insan xarakterinin formulasını açıb tökdü. O cavab bir daha təsdiqlədi ki, insan tənbəlliyə meyillidir. Əgər onu ehtiyac vadar etməsə, qapını açıb evdən çıxmaz. O cavabdan aydın oldu ki, insan tənbəl olmaqla yanaşı, həm də malik olduqlarına şükür edən deyil. Naşükürdür ki naşükür. Sakin belə demişdi: “Hər gün səhər 20 metr gedib o sudan götürüb evə gətirmək əziyyətdir. İstərdik ki, hər evə o sudan boru xətti çəkilsin”. Bax, budur insanlığın şah əsəri.
İndi belələri Bakı Avropa Oyunlarının keçirilməsini eşidib əlbəttə deyəcək ki, “bu, bizə lazım idi?”. Belə adamlar deyər ki, “dövlət Avropa Oyunlarına sərf etdiyi pulu bizə versin, təzək alıb ağcaqanad öldürək”. Amma yaxşı ki, belələri azdır. Yoxsa, Qobustan qayalarında şir-pələng çapmaqla məşğul olmaqdan o yana getməzdik.