Ədalət budurmu? -

-edalet-budurmu-
Oxunma sayı: 923


“Həyatımızda Çexov situasiyaları”

II yazı

Son vaxtlar cəmiyyətimizdə baş verən bəzi olaylara diqqət kəsiləndə həyatımızı Çexovun yaşadığı dövrdəki Rusiya ilə müqayisə edirəm və gördüyüm hadisələr onun hekayələrini xatırladır mənə. 

Süjet:

 “Kiçik zabit Prişibeyev” hekayəsinin süjetinə nəzər salaq: Məhkəmə iclası keçirilir. Kiçik zabit Prişibeyev uryadnik, volost yüzbaşısı, kəndxuda, şahidlər və altı nəfər də kəndlini sözləri və hərəkəti ilə təhqir etməkdə təqsirkar bilinir. Məlum olur ki, yolda meyitin başına toplaşan adamları dağıtdığına, hərəyə öz vəzifə borcunu başa saldığına və bunun üçün də həmin kəslərlə əsəbi davrandığına görə ondan şikayət ediblər. Hakim sözü Prişibeyevə verəndə o deyir: “Camaatın şuluqluq etməsinə yol vermək olarmı? Deyirəm ki, bu cinayət işidir, mülki işdir. Belə hallarda cənab müstəntiqə və hakimlərə xəbər göndərmək lazımdır. Əvvəla, deyirəm akt tərtib edib hakimə göndərməlisiniz. Uryadnik isə mənim sözlərimə qulaq asıb gülürdü. Kəndxuda isə deyir: Hakim öz sərhədlərindən kənarda heç bir iş görə bilməz. O, ancaq xırda işlərə baxır”...

Hakim:

- Bəsdir, deyib şahidləri dindirməyə başladı.

- Kiçik zabit Prişibeyev gözlüyünü alnına qaldırıb təəccüblə hakimə baxdı: aydın görünürdü ki, hakim onun tərəfində deyil... “O bir ay həbs cəzası kəsilir” hökmünü anlaya bilmədi”.

Bəzi jurnalistlərin günü:

Bu gün ölkəmizdə bəzi jurnalistlər Prişibeyevin vəzifəsini öz üzərinə götürüblər. Onlar cəmiyyətdə baş verən problemləri dilə gətirir, müxtəlif idarələrdə, rayonlarda insanları incidən, onları rahat yaşamağa qoymayanları tənqid atəşinə tutur, insanların haqqını müdafiə edirlər. Onlar bəzən polis işçisinə, bəzən icra hakimiyyətində çalışan hansısa məsul şəxsə, yaxud insanlara öz vəzifə borclarını xatırlatmalı, yeri gələndə başa salmalı olurlar. Çünki vəzifəsindən sui-istifadə edənlər, haqqı nahaqqa qurban verənlər olur. Jurnalistlər isə qanunda göstərilən qaydada onlarla danışanda, işlərini düzgün icra etmədiklərini başa salanda, hansısa binanın qanunsuz, yaxud tikinti normalarına uyğun aparılmadığını sübut edəndə, xırda məmurlar o saat onları təhqir etdiyini bəhanə edib məhkəmələrə üz tuturlar, biçarə jurnalistlər Prişibeyevin vəziyyətinə düşürlər. Nəticədə əsl cinayətlər, vəzifədən sui-istifadə halları unudulur, izləyici teatr işığı ancaq vəzifə başında kiminsə işinə müdaxilə və təhqir məsələsinin üstünə salınır. Haqqı müdafiə edənlər ittiham edilir, “məhşər ayağı”na çəkilir. Hakimlər isə bəzən bu işləri jurnalistlərin xeyrinə həll etmir, Prişibeyev kimi onları cəzalandırır. Bax, bu da olur əsl Çexov situasiyası...  

“Qafqazinfo”