Əcəb təəssübkeşlər
Jül Renar gündəliyində yazır: “Müharibə vaxtı bir nəfər ac qalıb öz itini kəsib yeməyə məcbur olur. Yeyib qurtarandan sonra gəmirilmiş sümüklərə baxıb təəssüflə deyir: Zavallı itim burda olsaydı, indi bu sümükləri yeyərdi”. Doğurdan da, “insan-heyvan” münasibəti “insan-insan” münasibətində də görünməkdədir. İnsan digər insanı “öz ehtiyacı”ndan məhv edir. Sonrasa onun istedadını, bacarığına dana bilmir. Mortsart pianoda ifa edəndə Salyeri zəhər içirdiyi sənətkarın bir azdan öləcəyini ağrıyla bilir. Ancaq məsələ budur ki, Salyeri zəhərin təsirsiz olduğunu görsəydi, həmin vaxt Mortsartı məhv etmək üçün “daha neyləmək olar” deyə düşünərdi. Odur ki, ölüm bizi sənətə və istedada inandırır. Ən ideal cəmiyyətlər belə bu gün də itini yemiş əsgər kimi “təəssüflə” ah çəkir – ölənlərsə hansısa layladan uyumaqdadırlar.
Filosoflar və professorlar
Hələlik Kamü qədər həyata bağlı və bizi aldatmayan ikinci yazıçı ilə tanış deyiləm. Bilirik ki, Sartrdan fərqli olaraq müasir insan Kamünun dediyi kimi oldu – yadlaşdı. Kamü gündəliklərində yazır: “O yerdə ki, daha çox qula ehtiyac var o yerdə musiqiyə daha çox yer verilməlidir”. – Azərbaycanda bu gün musiqinin bu qədər “bol” olmasına əla təyinat olur bu sözlər. Bir də bu köləlik məsələsinin bir tərəfi də əyləndirmək deyilmi? sizcə, məncə, hə. Kamü başqa nə deyir: “Qədimlərdə filosoflar daha çox düşünərdilər, nəinki oxuyardılar. Elə ona görə də əsərlərində bu qədər dəqiqilik var. Kitab çapı hər şeyi dəyişdi. İndi daha çox düşünmək əvəzinə oxuyurlar. Fəlsəfə əvəzinə daha çox şərhlərdir. Jilson da bunu nəzərdə tutub deyir ki, fəlsəfəylə məşğul olan filosoflar dövrünü, filosoflarla məşğul olan professorlar dövrü əvəz eləyib”. – Bu sözlər bizə şərhsiz aiddir...
Görəsən niyə?
Görəsən, hansı qüvvə idi ki, yazıçılara öz dilləri ilə ancaq yazıçı olduğunu etiraf etdirirdi: Dostoyevski yazırdı: “Mən psixoloq deyiləm, mən əsl realistəm”. Kamü yazırdı: “Nə üçün mən filosof yox, sənətkaram? Çünki mən sözlərlə düşünürəm, ideyalarla yox”. Bu gün isə vəziyyət başqadır, yazıçılar “yazıçı” sözünün qarşısına dürlü peşələr və ödüllərin adlarını düzürlər. Yazılmış mətnlərsə günbəgün yazıçı xarakterindən aram-aram uzaqlaşır…
Son xəbərlər
Son Xəbərlər