Gömrükdəki banan…

-gomrukdeki-banan
Oxunma sayı: 2180


Mişel Obama ABŞ televiziyalarında alma dişləyəndə, yemək hazırlayanda bizlər ona qəribə baxırıq. Bu yaxında ekranda oynamağını lap “ABŞ-ın birinci ledisinin şıllaq atması” kimi qiymətləndirənimiz də oldu. Həmişə gülümsəyən qaradərili qadının səmimiyyəti, sadəliyi bizə niyə əcaib görünür ki? Davranışları “ağır” olmayan birinci ledinin yalnız bir məqsədi var, özünü sadə amerkaliya tay etmək, ölkəsinin xüsusən uşaqlarını sağlam yetişdirməyə dəstək olmaq. 

Onun hər adam arasına çıxanda bir məqsədi var: sağlam qidalanmaq, daim hərəkətdə olmaq, idmanla məşğul olmaq kimi vacib məsələlərdən söz açmaq. Bunun nəyi pisdir ki? Meyvə-tərəvəz “reklamçısı” Mişel xala hətta yaşadığı iqamətgahın bağçasında öz əlləriylə orqanik pomidor, xiyar, kələm əkib becərir. Barak Obamanın bəxti yamanca gətirib.

Dünyanın demək olar ki, öndəedən ölkələrində uşaqların yaxşı qidalanmasına çalışırlar. Məntiqini də əla bilirik. Heç bir ölkə xəstə gələcək istəmir. 

Suyoluna çevirdiyimiz Türkiyə məktəblərində belə ibtidai siniflərdə uşaqlara hərdən pulsuz paket süd, meyvə paylanılır, uşaqların çantasında mütləq meyvə olması təbliğ olunur. Sırasına can atdığımız Avropa ölkələrinin  uşaqları təhsil aldıqları məktəbin həyətində meyvə-tərəvəz əkib-becərirlər. Və bu ölkələrdə meyvə-tərəvəz bütün qida məhsullarından ucuzdur ki (onlara görə), hamı alıb yeyə bilsin.

Bir dəfə Astara sərhəd-keçid məntəqəsində uşağının gözü qarşısında İrandan gələn atanın əlindəki kiloyarımlıq bananı aldılar. Xəstə uşağını İranda müalicəyə aparan valideynin çarəsizliyini gördüm. Astara gömrükçüsünün vicdanını basdırdığını, bananı əlindən alınmış uşağın göz yaşını gördüm. Bizim gömrükçüyə görə, həmin ata irəli düşmüşdü, kiloyarımlıq (5-6 banandan ibarət) bananı satacaqdı. Lənətə gəlmiş, monopoliya. Sabah eşitsəz ki, həmin gömrükçünün övladının başına nə isə bəla gəlib, təəccüblənməyin. Xəstə uşağın göz yaşı, ahı gömrükçü ailəsini rahat buraxarmı? Bu hikmətə çox inanıram.

Görəsən, bu gün normal azərbaycanlı ailəsində neçə uşaq doyunca banan, portağal, armud yeyə bilir? “Ölkədə meyvə mövsümü deyil” deyə-deyə xaricdən gətirilən meyvə-tərəvəzi qat-qat baha qiymətə təklif edənlər ata-ananı niyə utandırırlar? İnanıram ki, valideynlər var ki, özü yeməsə də övladının meyvə-tərəvəzini kəsmirlər. Evlərinin eyvanlarında yeşik-yeşik hədiyyə olunmuş meyvələri çürüdən işbazın, məmurun cəzasını dəqiq Allah kəsəcək. 20-30 dəfə Həcc ziyarətində olmasıyla fəxr edən bilsin ki, qonşusundakı doymamış uşaqların ahı yerdə qalmayacaq. Heyf ki, günəmuzd işləyən valideynlərin səhərdən axşamadək çalışmasının nəticəsi bir torpa meyvəyə çatır. O da bir neçə çeşidə. Doyunca meyvə bazarlığına ən azı 20-30 manat verməlisən. Hərəsindən bir kilo almaq şərtiylə. Bir kiloya da necə meyvə düşür bunu artıq bilirsiz.

Məktəbli uşağın çantasında nadir olan meyvəni görmək sevindiricidir. Amma bəzi  valideyn naringi, bananı belə uşağın çantasına qoymağa ehtiyat edər. Meyvəsi olmayan başqa uşaqların nəfsi  çəkər birdən, əliaçıq uşaq meyvəsini bölə də bilər, amma kimə nə çatacaq? Neyləyək, defisit maldı, uşaqların meyvə-tərəvəz yemək vərdişinin olmasını təbliğ edənimiz yoxdur. Həkimlər deyir, uşaqlarınıza  “vitamin siroplar” verin, meyvə-tərəvəz yeməyin, çeynəməyin, xırtıldatmayın, dişləməyin, bir qaşıq siropla uşağınızı vitaminli edin. Baş üstünə. Təki “zəhər”dərman satanlar qazansın...