Hər bir ABŞ vətəndaşı ildə orta hesabla 132 kiloqram qırmızı ət yeyir. Amerikalılara baxanda, avropalılar daha qənaətcildirlər.
Fransada bu rəqəm 102, Böyük Britaniyada 100 kiloqram təşkil edir. Hətta şimal qonşularımız da bizdən yaxşı qidalanırlar. Rusiyada orta hesabla ildə 70 kiloqram ət istehlak olunur. Azərbaycanda isə bu göstərici 32,4 kiloqramı ötmür. Halbuki Ümumdünya Səhiyyə Təşkilatının adambaşına müəyyənləşdirdiyi illik ət norması 70,7 kiloqramdır.
Azərbaycan xalqının ət sarıdan korluq çəkdiyini toylara gedərkən asanlıqla müşahidə edə bilirik. Bəzən sağ və sol tərəfimizdə əyləşən insanlar kababa elə girişirlər ki, onlara baxanda adamın iştahı küsür. Adam tanıyıram ki, masadakı soyuq qəlyanaltıya, göy-göyərtiyə gözünün ucu ilə də baxmır. Səbəbini isə belə izah edir: “Bu ot-ələf mədədə artıq yer tutur. Mən kabab gözləyirəm”.
Aydın məsələdir ki, bu cür xoşagəlməz vəziyyət maddi sıxıntı üzündən yaranır. Üç il əvvəl avtobusla Bakıdan Naxçıvana gedirdim. Biləsuvarda sərhəddi keçəndə məlum oldu ki, İranda bananın 1 kiloqramı bizim pulla 80 qəpiyə satılır. Cəmi 5 dəqiqə sonra mən də daxil olmaqla bütün sərnişinlər banan yeyirdi. Əgər Azərbaycanda banan ucuz olsaydı, insanlar İranda ona meyl göstərməzdilər. Təəssüf ki, bizim ölkədə insanlar təkcə ətə-yağa deyil, Afrikada su qiymətinə satılan adi banana da həsrətdirlər. Bunu həmin vaxt gözümün qabağında 1 kiloqram bananı təkbaşına yeyən yol yoldaşım da etiraf etmişdi.
Dünən axşam uşaqlara qoşulub, ATV-də efirə gedən “Məni yarımdan soruş” verilişinə baxırdım. Final mərhələsində cütlüklərə paxlava yemək təklif olundu. Adını unutduğum iştirakçı həyat yoldaşının 1 dəqiqə ərzində 13 paxlava yeyəcəyini dedi. Amma qadın cəmi 3 paxlava yeyə bildi. Artıq kilodan əziyyət çəkməyimə baxmayın, bu qısa zaman kəsiyində mən də ancaq 3 paxlava yeyə bilərəm. Məqsədim kimisə fərsizlikdə suçlamaq deyil. Məni narahat edən başqa məsələdir. Heç kim inciməsin, elə bilirəm ki, həmin iştirakçı yalnız qələbə xatirinə xanımının üzərinə belə ağır öhdəlik qoymamışdı. Görünür, onlar həm də doyunca paxlava yemək istəyirdilər. Axı, satış məntəqələrində türk paxlavasının qiyməti o qədər də ucuz deyil...
Dünən axşamdan bəri bir sual beynimi deşir: görəsən, hansı YAP-çı 1 dəqiqə ərzində 13 paxlava yeyə bilər?
Mənim gümanım Siyavuş Novruzova gəlir...
Son xəbərlər
Son Xəbərlər