Aramızda yaş fərqinin çox olmasına baxmayaraq, Arif müəllimlə uzun illərdi dostluq edirik. Əvvəllər məsul vəzifələrdə çalışdığı üçün insanlarla ünsiyyət qurmağı yaxşı bacarır. Biz həftədə ən azı bir dəfə görüşüb çay içir, nərd oynayırıq. Hazırda Arif müəllim kiçik bir idarəyə rəhbərlik etsə də, ətrafında həmişə “böyük adamlar” olur. Bəzi vəzifəli şəxslərin qeyri-rəsmi mühitdə özlərini necə apardığını görmək üçün Arif müəllimin dostları ilə yarım saat bir arada olmaq kifayət edir.
Ötən gün səhər əl-üzümü yumağa macal tapmamış Arif müəllim mənə zəng etdi. Hal-əhval tutandan sonra dedi ki, axşam 9-un yarısında filan restoranda olarsan. Tərəddüd etdiyimi görəndə, əlavə izahat vermək məcburiyyətində qaldı: “Dostlar üçün iftar süfrəsi açıram. Sən də dəvətlisən”.
Bu gün oruc tutmadığımı və buna görə də gələ bilməyəcəyimi deyəndə, kişi əl-ayağa düşdü: “Bir-iki hörmətli yoldaş da çağırmışam. Səninlə tanış olmaq istəyirlər”.
Axşam 9-un yarısında Arif müəllimin dediyi restoranda olanda qonaqların çoxu artıq orda idi. Kimi nərd, kimisi də şahmat oynayırdı. Kəkotulu çayın ətri adamı bihuş edirdi. Əvvəldən tanıdığım insanlarla görüşüb hal-əhval tutdum, ilk dəfə gördüyüm adamlarla isə Arif müəllimin sayəsində tanış olandan sonra boş yerlərdən birində oturdum. Saat 9-da qonaqların hamısı gəlib çıxdı. Masanın ətrafında əyləşmiş 20 nəfərdən yalnız dördü əlini çaya uzatmadı. Dərhal başa düşdüm ki, iftar süfrəsində cəmi 4 nəfər oruc tutan var.
Arif müəllim adına layiq süfrə açmışdı. Amma masadakı naz-nemətin çoxuna əl vurulmadı. Qonaqların bəziləri dieta saxladıqlarını, bəziləri isə tox olduqlarını əsas gətirib, yeməkdən imtina etdilər. Məclis başa çatanda diqqətimi ən çox cəlb edən məqam yan-yana düzülmüş boş şüşələr oldu. Oruc tutanlara ehtiram əlaməti olaraq hamı “Hacı pivəsi” içmişdi...
Bu cür mənzərə ilə tez-tez qarşılaşıram. Dəfələrlə şahidi olmuşam ki, savab qazanmaq üçün iftar süfrəsi açan adam məclisə ancaq dost-tanışını çağırır. Sonra isə sinəsinə döyüb deyir ki, müqəddəs ayda beş-altı dəfə iftar süfrəsi təşkil etmişəm. Təəssüf ki, bəzi adamlar dini ritualları özlərini gözə soxmaq, şan-şöhrət qazanmaq üçün yerinə yetirirlər. “Hacı” titulu bir çoxlarına ona görə lazımdır ki, toyda hamıdan əvvəl söz desinlər, yas məclislərində başda otursunlar. Nə yazıq ki, çox vaxt onların “tor”una düşür, bu saxtakarları öz adları ilə çağırmaqdan çəkinirik. Buna görə də iftar vaxtı süfrə arxasında həqiqi möminlərin əvəzinə müftəxorlar əyləşirlər.
P.S.Ötən il Qurban bayramı günü bir tanışım məni evlərinə qonaq çağırmışdı. Kəsdirdiyi 25-30 kiloqramlıq qoçun hamısını tikə-tikə doğratdırıb, öz qohumlarına payladı. Tanışım imkanlı tayfadan olduğu üçün qohumları qurban əti aparmağa 80-100 min manatlıq maşınlarda gəlmişdilər...
Son xəbərlər
Son Xəbərlər