ABŞ-da səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimaiyyətlə Əlaqələr Komitəsinin (AIPAC), Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının və Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının (CPMAJO) rəhbərliyi ilə görüşüb.
“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, belə görüşlərin artıq ənənə halı aldığının, qarşılıqlı fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət yaratdığının qeyd olunduğu söhbət zamanı bildirilib ki, bu görüşlər gələcək əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.
ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatlarının rəhbərləri ölkəmizin uğurlarının getdikcə artdığını, Azərbaycana səfərləri zamanı bunun şahidi olduqlarını, Bakının gözəlliyinin onlarda dərin təəssürat yaratdığını bildiriblər. Belə görüşlərin həm Azərbaycan-ABŞ, həm də Azərbaycan-İsrail əməkdaşlığının inkişafına töhfə verdiyini vurğulayıblar. Bildirilib ki, Azərbaycan-ABŞ əlaqələri yüksək səviyyədədir və yəhudi təşkilatları da bu prosesə töhfə verirlər.
Görüşdə əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı maraq ifadə olunub.
İ. Əliyev həmçinin ABŞ-ın bir sıra konqresmenləri ilə görüşüb. Görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin uğurlu inkişafı haqqında danışılıb, bir çox sahələrdə, xüsusilə siyasi, iqtisadi, enerji, müdafiə, təhlükəsizlik sahələrində əlaqələrin çox yaxşı səviyyədə olduğu bildirilib. ABŞ Konqresinin üzvlərinin bu əlaqələrin inkişafına töhfə verə biləcəkləri qeyd edilib.
Prezident son illərdə Azərbaycanın uğurlu inkişafı haqqında danışıb. Söhbət zamanı “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Son Xəbərlər