Hərbi xidmətdə bir əsgərimiz vardı, Sovet vətəndaşı olsa da, koreya əsilli idi. Orijinal qonaqlıq dəvətinə görə, üstündən 25 il keçməsinə rəğmən nə özünü, nə soyadını, nə də dəvətini unutmuram. Soyadı Kan idi. Yəqin ki, əsgər dostlarımız oxusa xatırlayarlar. Kompakt şəkildə Qazaxıstanda yaşayırdılar. Həmişə xidmətdən sonra bizə qonaq gəlsəniz çox şad olaram deyirdi.
Özü də hamımızı, bütün taqımı (biz ona vzvod deyirdik) dəvət edirdi. Bizi necə qarşılayacağını soruşanda məlum oldu ki, “küçük” qonaqlığı verəcək. Hətta toyunda da ən ali qonaqları kimi bizi bu təama qonaq edəcəyini vəd verirdi. Bizi inandırmağa çalışırdı ki, çox ləzzətli olur. Milli mətbəxlərinə aid olduğunu söyləyirdi. Düzü bilmirəm belədir ya yox, amma bizə yalan danışmağa cürət etməzdi. Sovet əsgərliyinin “dedovşina”sında belə yalanlar bağışlanmazdı. Amma qonaq getmədiyimizdən bunu dəqiqləşdirə bilmədik. Daha doğrusu qonaqlığın bizi qane etməməsi səbəbindən Tacikistana toya getsək də, onlara dönmədik. İndi itsevərlərin hay-küyü bu xatirəni yadıma saldı. Deməli, illər öncə itlərə qarşı “qətliam” törədilir və kimlərinsə milli mətbəxinə aid edilirmiş. Görəsən bu itsevərlər onda harda olublar?!
Ondan başlayaq ki, itlər vəfalı heyvandır. Təkcə buna görə bu dilsiz-ağızsız canlıları sevmək də, qorumaq da, yemələmək də, hətta saxlamaq da olar. Amma bu sevgi başqa münasibətlərə rəvac verəndə ya sevən yerində olmur, ya it. Olimpiya oyunlarıqabağı it sevgisini Azərbaycana qarşı istifadə etmək, ölkənin imicinə zərbə vurmaq, bu sevgini yüksək səviyyədə hazırlıq görülən Avropa Oyunlarının təşkilatçılarının əleyhinə çevirmək cəhdinin bir adı var -“qara piar”. Həm də artıq bu sevgi yiyələrinin sevgisinin öz məcrasından çıxması, başqa oriyentasiyaya meyillənməsidir. Bu sevgi məcrasından çıxdığındandır ki, artıq kampaniyanı böyütmək cəhdləri edilir. Yəni ki, itsevərlərin sevgisi cuşə gəlib. İki gündür sosial şəbəkələrdə Harmoniya Fondunun Facebook səhifəsində Bakıda itlərin yandırılmasına qarşı kampaniya başladılıb. Deyilənə görə imza da toplayırlar. Ümumdünya Heyvanları Müdafiə Təşkilatı da Azərbaycan hakimiyyətini “bu qəddarlığa son qoymağa” çağırıb. Qurumun Avropa üzrə Regional direktoru Ruud Tombrock “BBC Azərbaycanca”ya deyib ki, müvafiq Avropa Konvensiyasını imzalamış bir ölkə kimi, Azərbaycanda küçə heyvanlarına qarşı aparılan bu münasibət prinsiplərin “birbaşa pozulmasıdır”. Kampaniyaçılar "ilk dəfə olaraq biz heyvanlara qarşı göstərilən qəddarlığa görə məsuliyyəti Olimpiya Komitəsi təşkilarçılarının üzərinə qoyuruq və bu qətliamın dərhal dayandırılmasına çağırırıq" –deyə, bəyanat da yayıblar. Harmoniya Fondunun Facebook səhifəsindən başlatdığı aksiyanın tələbi budur. Bir dəstə də şəkil çəkdirib və əllərindəki plakatda “Avropa oyunlarına ayıb olsun” yazılıb. Elə bu yerdə adamın ürəyindən doğrudan “ayıb olsun” demək keçir, amma bu “ayıb olsun”u bu itsevərlərə demək istəyirsən. Dünyada bu qədər itsevər varmış, avropalı, asiyalı, niderlandlı, azərbaycanlı, nə bilim haralı. Coğrafi areal çox böyükmüş, amma hələ də korayalılar “küçük” kəsirlər, qonaqlıq verirlər.
İnsanı heyvandan fərqləndirən mühüm xüsusiyyətlərdən biri də inamdır. İnamın ölürsə, xislətin dəyişir. Sonra da heyvani instinkt inkişaf edir. Vəfalı olursan, inamlı olmursan. İndi bu itsevərlərdə də inam ölüb. Nə rəsmi münasibətlərə inanırlar, nə də sahibsiz itlərin törədə biləcəyi fəsadlara. Məsələyə rəsmi münasibət bildirildi və deyildi ki, belə bir hal olmayıb. Bu sadəcə piardır. Televiziyalar isə sahibsiz heyvanların saxlanması ilə bağlı repotaj hazırladı, orada çalışanları danışdırdı. Yenə də inanmayan varsa, istər-istəməz adamın ağlına onların xislətində hansısa problem var düşüncəsi gəlir.
Kimsə itlərin öldürülməsini, ya yandırılmasını dəstəkləmir, amma adamda bir inam hissi olar. Deyilənə inanar, gördüyünə inanar. Deyildi ki, bu bizdə deyil. Heç bir küçə heyvanını yığıb yandırmırlar, əksinə onlar xüsusi yerlərdə saxlanılır, qidalandırılır və çoxalmaq qabiliyyətinə cərrahi müdaxilə edilib yenidən təbiətə buraxılır. Bəs bu itsevərlər nə istəyir? Bu itsevərlərdən soruşmaq lazımdır, indi nə deyirsiniz, itlərin çoxaldılmasını təşkil etsinlər? İtləri bu qədər sevənlər, belə müdafiə edənlər heç Qarabağı belə müdafiə etmir. Bakıda guya itlərin yandırılmasına xüsusi aksiya keçirən bu Harmoniya Fondu görəsən bircə dəfə də Ermənistanın işğalçılq siyasətinə, azərbaycanlıların pozulan hüquqlarının bərpasına yönəlik hansısa çağırış edibmi və ya hansısa kampaniya başladıbmı?
Kənardakıları başa düşdüm. Amma özümüzün içindən bu kampaniyaya dəstək verənləri heç anlamıram. Küçələrdən sahibsiz itləri yığışdırmasınlar bəs nə etsinlər? Çoxaltsınlar ki, özümüzü yesin, uşaqlarımızı qorxutsun, onları xəstəliyə salsın, müxtəlif virusları yaysın? Yaxud çoxaldıb dövlətin büdcəsinə oturtsunlar? Məntiq burada itir…