Kamran Həsənlinin xarab “saat”ı

-kamran-hesenlinin-xarab-saati
Oxunma sayı: 3334


“Kanallar təqdim etdiyim layihələrə soyuq yanaşır. Orada ancaq yemək bişirməyi öyrədirlər, bir də qalmaqaldan başqa heç nə yoxdur. Nə vaxta qədər qalmaqallı verlişlərə baxacağıq? Telekanallar ancaq bu yolla reytinq qazanırlar. Axı televiziya millətin üzüdür”. Bu pafoslu fikirləri bir il əvvəl aparıcı, başbilən, müğənni, mentalitet “bələdçisi”, şoumən, mədəniyyət və incəsənət üzrə “ekspert”, qınaq üzrə ixtisaslaşmış şəxs, tənqid etdiklərini özü tətbiq edən Kamran Həsənli müsahibələrinin birində demişdi. Qəşəng demişdi, hamının bildiyi və yaralı yerindən demişdi, amma bu gün o nə edir və deyir?

Kamran Həsənlini XXI əsrin ilk illərində ( o“tarix” yazıb, ona görə zamanı belə ifadə edirəm) Space telekanalından tanıyıram. “Musiqili meydan” adlı yarışmada çox müğənnini adlı-sanlı etmişdi. Onlardan pul alıb çıxarırdı, ya havayı qabağa itələyirdi, bilmirəm... Hər halda o vaxt bu format özəl telekanallarda yeni olduğu üçün tamaşaçını ələ almışdı. Onun bir verlişi də vardı: “Sizin saat”. Burada dünyəvi və aktual mövzuları qoysa da, yenə məşhurlaşan müğənnilərin əynini-başını, itini, saçını müzakirə edirdi. Bir sözlə, həmin Kamran Həsənli “bozbaş müğənni”, “səviyyəsiz, səsi olmayan oxuyan” deyə-deyə özü də başladı oxumağa. Ola bilər, kiməsə baxıb həvəsə düşmək, içindəki “müğənni”ni kəşf etmək. Amma Kamran Həsənlininki nə ondan oldu, nə də bundan. Sonra başladı, məşhur restoranlarla birgə pul qazanmağa (vallah, pulunu sayandan deyiləm), toylardan (xatırlayırsızsa, həmin restoranda toy edənin ziyafəti efirdə canlı verilirdi) canlı efirə yerləşdirməyə, bunu da tamaşaçı “yedi”. Millət o verilişə düşmək üçün yarışdı. 

Kamran Həsənli yaxşı nüfuz qazandı, amma aparıcılıqda xidmət göstərə bilmədi. Bəli, aparıcılıq xüsusi xidmətdir. Amma bunun nə adı çəkilən şəxsə, nə də bu gün tanışlıqla efirdə boy göstərənlərə aidiyyatı var. Nə isə. Keçim, konkret məsələyə. 

Kamran Həsənli uzun müddət idi, efirdə yox idi. Sağolsun, Space-dən küsən İdris Cəfərov, TV-nin rəhbərliyinə yönəltdiyi məlum ittihamlar Kamran Həsənliyə də yaxşı “məlhəm” oldu, onun xeyirinə işlədi. Space-in rəhbəri Vaqif Mustafayevin qarşısına özünü sipər çəkən kanalın keçmiş əməkdaşı  bu yolla oraya qayıtdı. “Sizin saat” deyib, yenə bizim beynimizi öz alimyanə düşüncələrinə ortaq etməyə başladı. Səhv etmirəmsə, sonuncu veriliş idi, orada belə bir  mövzu qoyulmuşdu. “Alfonsluq” mövzusunu aparıcı bir saatda çözə bilmədi. Ən əvvəl bu mövzunun bir saata kimi dəyərli vaxtda müzükirəsi kimə gərək idi? 

Kaş bu mövzu qadın pulu yeyən və ona “xidmət” göstərən  kişilərdən yox, ailədə arvad çörəyi yeyən (arvadın işə yollayan) və diluzunluq edənlər barədə olardı. İndi baxın, müzakirəyə səbəb mövzu nə olub. “Mənsurə adlı bir müğənni alfons sevgilisini öldürüb, bunu da hansısa saytda etiraf edib”. Üstəlik Kamran Həsənli həmin xanımı studiyaya dəvət etmişdi. Bu müğənni xanımın adam öldürdükdən sonra azadlıqda gəzməsini hamı maraqla qarşılasa da, nəticədə məlum olur ki, Kamran bəyin “saat”tı yenə xarab olub. Sən demə, bu qadının dediyinə görə, sağlam ailəsi var, alfons rəfiqəsinin imiş, o isə müğənni kimi bir mahnı yazdırıb, kişinin qızı həmin “alfons”u mahnı ilə sındırıb. Çox gülməlidir. 

Deməli, verilişə dəvət olunan Namiq Qaraçuxurlu, Aqil. M.Quliyev və psixoloq Elmir bayaqdan boş-boş danışıb, həmdərd rolunu oynayırmışlar. Hələ arada bu qadın müğənnini təsəlli edirmişlər. Heyf səndən bir saat, heyf. Harada qaldı, mentalitet “dəlisi” Kamran Həsənlinin əvvəldə ürək yanğısı ilə qeyd etdiyim fikirləri? Bu idimi, Kamran bəy illərdən sonra tamaşaçıya köhnə hamam dadında köhnə tas layihəniz? Vallah, heç dəyişməmisiz, özünüzü həlak etsəniz də həminki aparıcısız.

Kamran bəy, mümkünsə bundan sonra öz saatınızı bizə “bizim saat” kimi sırımayın. Bizim saatımız onsuz da düz işləmir. Yəni, bizə işləmir. Başqalarının pul qazanması, kiminsə cibinin dolması məqsədiylə bizə “dərs saatı” keçməyə ehtiyac yoxdur. Saatınızın saz işləməsi üçün yaxşı “saatsaz” tapın. Qoy sizə bir saat ərzində nələrdən danışmağı öyrətsin. Bəlkə onda saatlarla sizə qulaq asmaqdan bezmərik. Vallah, sizə qulaq asanda ərzagın bahalaşdığı bir vaxtda yediyimiz də canımıza yatmır, ya da tez əridirık. 

Deyən gərək, baxma da...