Kitab allergiyası -

-kitab-allergiyasi-
Oxunma sayı: 1101


Milli Kitabxanada indiyə qədər dilimizə tərcümə edilən (ən müxtəlif sahələrdə) kitablarla tanış olanda insan heyrətə gəlir. Sovet dövründə saysız-sanasız maraqlı kitablar dilimizə çevrilib. Həmin kitabların yenidən nəşr edilməsinə ciddi ehtiyac var. Bir fakt: Bu gün 500-1000 tirajla çap edilən kitablar 10 il sonra kitab dövriyyəsində olmayacaq. 500-1000 tiraj nədir ki? Özü də hər nə qədər “kitab alan yoxdu” fikri səsləndirilsə də, inanın ki, çap ediləndən bir neçə il sonra hər necəsə əldə kitab qalmır. 

Bu o deməkdir ki, biz hər 10-15 ildən bir çap edilən mənbələri itiririk. Tolstoyun, Çexovun əsərləri dilimizə XIX əsrin sonlarından çevrilməyə başlayıb, ancaq bu gün həmin çevirmələr heç bir yenidən işlənib təzə nəşrlərə salınmır. Məntiqə əsasən, 30-cu illərdə çap olunan əsərlər 50-ci illərdə, 50-ci illərdəkilər 70-80-ci illərdə, 70-80-ci illərdə çap olunanlar 2000-ci illərdə “yoxa çıxıb”. Azərbaycan kitab bazarında “daimi mənbə” olmayıb.

Bu gün azərbaycanlının yeni dünya ilə tanışlığı üçün demək olar vəsait yoxdur. Yeni dünya ilə bəlkə də yeganə tanışlığımız kino sahəsindədir. 

Bizim dünya ədəbiyyatından sevdiyimiz yazıçı və şairlər çoxdan dünya üçün köhnəlib.  Ona görə də hər vəchlə “indi ciddi ədəbiyyat yoxdur” fikrinin arxasına sığınırıq. Salman Rüştü, Milan Kundera, Orxan Pamuk kimi müasir saydığımız yazıçıların da “başı gora əsir”. Müasirlərimiz tanımırıq. 

Bütün dövrlərdə dünyadan geri qalırıq, ona görə də imitasiyadan xilas mümkünsüzləşir. Bunun yeganə səbəbi də məhz mənbəsizlikdir. Çünki ciddi, yeni mənbələr hər adamın əlinə düşmür – olan mənbələrin də böyük qismi, dövrdən-dövrə keçmir. Türkiyədə tirajı bitmiş kitablara qarşı xüsusi həssaslıq var. Nəşr bitibsə, hətta o kitaba güclü tələbat yoxdursa belə, yenə də çap edirlər ki, mənbə itib-batmasın. Bütün dövrlərdə də bəhanəmiz hazır olub: Sovet dövründə senzura və qapalılığı bəhanə gətirirdik, indi isə kiçik ölkə olmağımızı. 

Bu gün Türkiyədən Azərbaycana kitab gətirən bir neçə satış mərkəzləri var. Hətta Azərbaycanda 2-3 dəfə nəşr edilmiş klassik əsərlər belə tapılmır deyə insanlar türkcə oxuyurlar. Yaxşı-pis bu qədər filmləri dublyaj edirlər, ancaq satışda öz dilimizdə gözəl filmlər tapmaq olmur, insanlar kinolara ya rusca, ya da türkcə baxırlar. Və türkcə, rusca filmə baxmaq, kitab oxumaq bir gün ona gətirib çıxaracaq ki, öz dilimizdə hansısa intellektual mənbə ilə tanış olmaq həmin kəslərə ləzzət, zövq verməyəcək. Yaşlı nəsildən elə adamlar tanıyıram, deyir ki, azərbaycanca elmi kitab oxuyanda heç bir bilgi ala bilmirəm. Eyni problem bu gün daha qabarıq şəkildə zühur etmədədir. Kimsə tapıla bilər ki desin: guya əldə olanları oxuyurlar? Məsələyə belə yanaşmaq düzgün deyil, çünki hər necəsə mənbə yaradılmalıdır, hər ciddi kitab ölkə üçün intellektual bazadır. 

Tələbə olanda öz dilimizdə “Nəşriyyat işi” fənninə aid bircə dərslik var idi, naəlac qalıb, sovet dövründəki kitablardan keçirdilər. Universiteti bitirəndən sonra əksər qrup yoldaşlarıma və mənə məlum oldu ki, bizimlə  babat “məzələniblər”. Çünki nəşriyyatların heç birində artıq o üsullarla kitab çap edilmir.  Eyni situasiya ilə neft sənayesi üzrə təhsil alanlar da üzləşirlər. 

Həyatımıza birbaşa bağlı olan - telefon, maşın, məişət texnikaları - əşyaların ən yenisini alıb, müasir dünya ilə bağlılığımızı itirmirik. Kitaba, sənətə gələndəsə “atımız büdrəyir”. Deməli, kitabın həyatımıza birbaşa dəxli yoxdur, hə?!



“Qafqazinfo”