Mənə zəng elədi: “Qardaş, darıxmışam, -dedi, - bəlkə biz tərəflərə gələsən, dərdləşək...”
Getdim. Yayın istisi baş çatladır. “Darıxma, indi dağlara qalxacağıq” –deyə mənə təsəlli verdi. Mən də bu təsəlliylə ovundum. Əlacım nəydi.
“Qaz-69”da dağlara qalxdıq. Bizlərdə bu maşına “Vilis” deyirlər (Vladimir İliç Leninin şərəfinə).
Yollar ürəkaçan deyil. Kələ-kötürdü. Dolanbac yolları arxada qoyub meşəyə girdik. Ətraf qarağac və yemişan kollarıyla doludu. Hiss olunur ki, burdan çoxdandı maşın keçmir. Yolun bir yerində keçmək mümkün olmadı. Sürücü düşüb bellə yolun çökəyini doldurdu. Görünür, öyrəncəliydi, maşının yük yerində əsgər “lopatkası” gəzdirirdi. Bir az getmişdik ki, ağacdan ağaca tullanan sarı dimdikləri (dolaşaları), zağcaları gördük, arı quşunun səsini eşitdik. İstəyirsiniz, birinə ataq, - sürücü dedi, - tüfəngim də var. Hər ikimiz bir ağızdan “yox” dedik. O isə əlavə elədi: Adamları bura zornan qaytarırıq, deyirsən quşlar da qaçsınlar? Sanki öz-özünə hesabat və ürək-dirək verirdi.
Üç saata yaxın yol getdik. Lap təpəyə qalxdıq. Bura Böyük Qafqazın hündür yerlərindən idi. Ətrafdakı yurdlar bapbalaca görünürdü. Quraqlıq buranı da pis günə qoymuşdu. Gül-çiçək, ot-ələf vağanımışdı. Kəklik otu, boymadərən, sarıçiçək, çobanyastığı yanıb külə dönmüşdülər. Əyilib onları ovucladım, iylədim. Yadıma düşdü ki, çiçəklərin ətri qurtaranda onlar ölürlər. Bunlar isə diriydilər, çünki qoxularını itirməmişdilər.
Bir kənddə dayandıq. Qarşımıza çıxan çobandan soruşduq ki, burda müqəddəs ocaq vardı, oranı keçməmişik ki? Çoban deyəndə ki, beş-altı qoyun otarırdı. Bir az irəlidədir dedi, evə dəvət elədi. “O, ev mənimdi, -dedi, - onsuz da bir-iki ailə qalıb, hamı dağılıb.”Vaxtın azlığını bəhanə edib getmədik. Pirin yanında dayandıq. Dağılmaq üzrəydi. O böyüklükdə kişi belini əyib içəri keçdi. Mən getmədim. Ona görə yox ki, ilan-çayandan qorxurdum, sadəcə əyilməyə ərindim. Pirin böyründəki alçadan qoparıb yedim. Turş dadı, bağımızdakı alçanı xatırlatdı. Susuzluğum öləzidi.
Bir kəndə yaxınlaşanda dayandıq. Bulaqdan su içdik. Qoz ağacının altında oturduq. Uşaqlıqda demişdilər ki, qoz ağacının altında yatmaq olmaz, çünki adamı zəhərləyir, oksigen udub karbon buraxdıqlarına işarə edirmişlər. Amma bura sərin idi.
Kənddə qabağımıza cavanlığını xeyli əvvəl geridə qoymuş bir adam çıxdı. Hansısa şirkətin köhnə formasını geyinmişdi. Dedi ki, burda üç ailə qalıb, kənddə əvvəllər üç yüz altmış təsərrüfat olub. Kəndin məktəbi, məscidi, poçtu varmış, indi heç nə yoxdu: “Maşın səsi gələndə sevinirik” dedi. O da evə çağırdı getmədik. Mən yarğanın başında dayanıb, xaraba kəndə baxır, işğalda olan yurdumu düşünürdüm, kövrəlirdim. Kənd yetim uşağa bənzəyirdi: ayaqyalın, paltarı cırıq-sökük. Yəqin, qışda bərk üşüyür. Qızdırılmayan ocaqlar o qədərdi ki...Qulağıma xaraba qalmış məktəb həyətindən uşaqların səsi gəlirdi. Məsciddən isə əzan səsini eşitmirdim. Burda əzan da vermirdilər. Görünür, xatirələr də insanı nə zamansa tərk edir, insanlar yurdlarını qoyub gedən kimi... “Nə qədər belə kəndimiz var” – deyə düşündüm: hamısı da yolsuzluqdan, susuzluqdan.
O isə həmin adamla söhbət edirdi:
-Bu ev kimindi belə, yarımçıq qalıb?
-Bələdiyyə sənəd istədi, yer pulu soruşdu, o da acıq eləyib getdi.
-Buralıydı?
-Hə.
-Qələt eləyir bələdiyyə. Mənim adımnan hamıya de ki, vergisiz-rüsumsiz gəlib burda ev tiksinlər. Qalan şeylər sonranın işidir. Yol da çəkəcəydik, su da, işıq da ki, var.
Cavan oğlan dirçəldi, qaməti düzəldi...
Biz getdik...
Ağsaqqal dostum isə elə hey başını bulayır və bələdiyyənin qarasınca deyinirdi...
Fevral 2015