Manyak yetişdirən cəmiyyət...

-manyak-yetisdiren-cemiyyet
Oxunma sayı: 2188


5 yaşlı qızcığaz zorlanaraq qətlə yetirildi.

Baş verən qətllərdə hamımız günahkarıq. Biz o qatillərin, manyakların yetişdiyi cəmiyyətdə yaşayırıq. Onlar bizim qonşumuzdu, qohumumuzdu, məktəb yoldaşımızdı...

Necə olur ki, ətrafımızdakı insanın qatil olacağını hiss etmirik? Laqeydikmi? Etinasızıqmı? Bəlkə praqmatik olmağımızın fəsadıdır bu?

*** 

İctimai qınağın qüdrətini aparıcı M. Əliverdiyevanın faciəyə məsuliyyətsiz yanaşması zamanı gördük. Hamı yazdı, danışdı, iradını bildirdi. O da öz səhvini başa düşdü. Lakin indi...

İndi hamımız acizik. Manyak qatil həbsdədi. Sözümüz çatmaz ona. Zəmanət verə bilmərik ki, belə faciələr sabah təkrarlanmayacaq. Neyləməli?

Kitabın təbliğatından, əhəmiyyətindən danışmaq yersizdi daha. Cahil, kitab oxuyan deyil. 

Psixoloqların köməyindən faydalanmaq istəyi də mənasızdı. Adamlar çörəkpulunu çətinliklə qazanır. 

*** 

Ruhi-əsəb dispanserində yatmış Ceyhunun anası gileyləndi bir dəfə: “İşləmir. İşləməsini istəmirəm. Xəstə uşaqdı. Evdən bayıra çıxmır. Bütün gün yeyir, yatır, televizora baxır. ”

Baxaq, görək, ceyhunlar televizorda nəyə baxırlar? 

Şouya?

Müğənnilərin təmtəraqlı həyatına?

Ağlaşma proqramlarına?

Açılan sinəyə və ona gülən gənclərə?

Axı nəyə?

Normal adamlar bu gördüklərindən nə öyrənir ki, ruhi-əsəb problemi olanlar da nə öyrənsin? 

*** 

Çox deyilib: nə göstərsələr, millət ona da baxacaq. Sovetin vaxtında cəmi bir kanal vardı. Hamı ona baxırdı. Yəni maarifləndirici proqramlar hazırlasalar və reytinq davasını belə mövzulardan ötrü aparsalar, xalq yenə də baxacaq.

Birbaşa təsir gücünə təkcə tv-lər malikdi axı. Niyə cahilliklə mabarizə aparmırlar?  

Kamyunun “Yad”ının başıbəlalı  qəhrəmanı deyir: “Vaxtımın qalan hissəsini səmərəli işlərə sərf edirdim. O zaman tez-tez düşünürdüm ki, əgər məni quru bir ağac koğuşunda yazaşamağa məcbur etsəydilər və göy üzünə baxmaqdan başqa işim olmasaydı yavaş-yavaş buna da alışardım.”

***

Kaş ki, aytaclar, 5 yaşlı qızcığazlar cahilliyin qurbanına çevrilməyəydi.  

Kaş ki, cəmiyyətimiz cahillik bəlasından xilas olardı.

Kaş ki...