Təbiətin oyanan vaxtında Nərmin gözlərini bu dünyaya əbədi yumdu... Həkimlərin səhvinə düzəliş etmək mümkün olmadı.
İnsanlar Nərminin sağalıb yenidən həyata qayıtması üçün əlindən gələni əsirgəmədi. Demək ki, bu ölkənin insanları istəsə, lazımi məqamda bir araya gəlib yardım əlini uzada bilər. İnsanlığımız imkanımızın sərhədlərini darmadağın edirsə, birləşməyi bacarırıqsa, insanlığı imkanlarının girdabında boğulanlar bundan ibrət alsın. Bir parça çörəyi bölüşməyi, son qəpiyini xeyirxahlığa xərcləməyi öyrənsinlər...
Ramiz Əzizbəyli... Bu insanı hamımız tanıyırıq. Bilirik ki, kino sənətimizdə xidmətləri olan bir insandır. Və onu da bilirik ki, o, indi xəstə yatağındadır. Həyat dolu insanların yatağa düşməsi, canı ilə əlləşməsi ölümdən o qədər də fərqlənmir. “Başına gələn başmaqçı olar”,-deyiblər...
Həyatı sevmək yaşa, daşıdığın statusa baxmır. Yaradıcı, daim axtarışda olan adam üçün bu, ayrı bir faciədir. Hələ təbiətin oyanan, arzuların təzələnən vaxtında...
Ramiz Əzizbəylini xilas edə bilərlər. Müalicə aldığı xəstəxanadan onun müalicəsi üçün güzəşt olunduğu bildirilib. Qalır, istedadlı, yaradıcı insanların bu xalqa lazım olduğunu düşünmək və səlahiyyətindən yararlanıb onun sağalmasına köməklik göstərmək. Bu isə tək səlahiyyət yox, həm də vicdan məsələsidir.
Həyat budur: kimi yataq macərasının, tez-tez dəyişdiyi sevgililərinin hesabına məşhurlaşar, varlanar, sonra da başlayar həmin var-dövlətini göstərməyə. Naməhrəm yerlərin nümayişi, ictimailəşməyə hesablanmış əxlaqsızlıq, xəyanət xoşbəxtlyin qarantına çevrilib. Plastik əməliyyatlar üçün xaricə üz tuturlar... Təzə burunları, dodaqları, baldırları ilə öyünürlər...
İncəsənətdə, səhnədə can qoyan insanlar isə pulsuzluğun, laqeydliyin qurbanına çevrilir. Tez-tez maşın, ev dəyişə bilməyənlər xəstəxana, palata dəyişirlər. Meydanın palata ilə əvəzləndiyini görənlər boş qalmış həmin meydanlarda at oynadır...
Əcnəbi müğənnilərə qiymətli hədiyyələr bağışlayanlar, onların burda konsertlərini təşkil edənlər hərdən paytaxtdakı xəstəxanalara da üz tutsunlar. Fasilə versinlər əyləncələrinə...
Arada savab da qazanmaq lazımdı.
P. S. Bədəninin nümayişi ilə varlanan bir müğənni burun əməliyyatı keçirmişdi. Bununla qürrələnmişdi. Həyatını sənətə həsr eləmiş bir sənətkar isə həmin vaxt qripin fəsadlarını aradan qaldırmaq üçün burun damcısı olan “sinusol” almağa pul tapmamışdı. Məyus olmuşdu...
Son xəbərlər
Son Xəbərlər