Həyata rəngli tərəflərdən baxmağı tövsiyə edən şəkil görmüşdüm: avtobusun pəncərələrindən biri təbiətin gözəlliklərinə, digəri daş-qayaya, qaramata, bozluğa baxırdı. Gözəlliyə baxan pəncərənin qarşısında əyləşən adam gülümsəyirdi. Qaramata baxan adam kədərliydi...
Aqressiv, sözbaz, davaya meylli, qara düşüncəli adamlar ətrafa mənfi enerji ötürür. Psixoloqlar da belələrindən uzaq durmağı məsləhət görür. Ölkələrin sərhəd qayda-qanununu əks etdirən fotolarda bu nüans çox gözəl qabarıb. Suriya, İraq, Əfqanıstan kimi ölkələrin sərhədlərini qoruyanlar əllərindəki silahla, geyimləri, ətraflarındakı tikanlı məftillərlə vahimə yaradır. Avropa ölkələrini bir-birindən ayıran sərhəd zolağındakı gül-çiçəyə, səliqə-sahmana baxanda gülümsəyirsən, ürəyin açılır... Elə o sərhəd zolaqlarındanca məlum olur həmin ölkələrin vətəndaşlarının yaşayışı, sosial və psixoloji durumu...
***
Sosial şəbəkələrdə çox ləngimək olmur daha. Bir az göz atdınmı, həmən “x”-ə tıklayıb çıxmaq istəyirsən. Adamlar çox aqressiv olub. Edam, qətl səhnələrini paylaşan mazoxist dəstə var sanki. Qəbiristanlıqda selfie çəkənlər gün-gündən artır. Ailədaxili çəkişmələr, ər-arvad, gəlin-qaynana problemləri, ikilikdə həll edilməli işlər də sosial şəbəkələrdə müzakirəyə çıxarılır. Digərləri də işini-gücünü atıb həvəslə qoşulurlar belə “polemika”lara. İşsizlikdən əziyyət çəkir adamlar-sözün hər iki mənasında... Həqiqətən də maraqlıdı: aqressiya bu qədər əhəmiyyətlidimi? Nə qazanırlar görəsən? Bu qədər sosial problemin içərisində mənasız dava-dalaş, başqalarının qanını qaraltmaq doğrudanmı önəmlidi?
Yaxşı ki, bəzi sayt rəhbərləri forumu dayandırmaqla sivilizasiya ilə ayaqlaşa bilməyən ədəbsizlərdən xilas elədilər milləti. Gözlərinin nurunu, zehnini, vaxtını xərcləməklə dolanan yazarlar bir də belələrinə korlayırdı əsəbini...
***
Oskar Uayldın “Dorian Qreyin portreti”ndə Harri, ledi Aqataya deyir: “Mən məşəqqətdən başqa bütün kədərə şərikəm. Mən insanın dərdinə şərik ola bilmərəm. Bu, çox sarsaq işdir, eybəcərlik və rüsvayçılıqdır; adamı dəhşətə gətirir və istismar edir, əzir. Dərdə, kədərə ümumi baxışda hansısa bir qeyri-sağlam münasibət var. Gərək parlaq rənglərə, gözəlliyə şəfqət göstərəsən, həyatın sevinclərinə şərik olasan; insan gərək həyatın qaranlıq və dumanlı tərəflərindən mümkün qədər az danışsın.”
Son xəbərlər
Son Xəbərlər