“Mobillik qrantı”nın nəticələri elan olundu

-mobillik-qrantinin-neticeleri-elan-olundu
Oxunma sayı: 842


Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müsabiqə müddətində Elmin İnkişafı Fondu qrant iddiaçılarına kömək məqsədilə 4 məsləhət seminarı təşkil edib. Müsabiqəyə daxil olmuş 35 layihənin ekspertizası nəticəsində 6 layihə texniki ekspertiza mərhələsindən keçməyib, 29 layihə isə elmi ekspertiza mərhələsinə buraxılıb.

Nəticələr Fondun Himayədarlar Şurası tərəfindən təsdiq edildikdən sonra 4-cü “Mobillik qrantı” müsabiqəsi üzrə 11 qalib layihə müəyyənləşdirilib və ümumi maliyyələşdirilmə həcmi 70100 manatdır.

Fizika-riyaziyyat və texnika elmləri üzrə 4, kimya elmləri üzrə 2, Yer haqqında elmlər üzrə 3, humanitar və ictimai elmlər üzrə isə 2 layihə qalib elan olunub.

“4-cü “Mobillik qrantı”nın qalibləri Belçikada (1), ABŞ-da (1), Türkiyədə (2), Avstriyada (1), Portuqaliyada (1), Rusiya Federasiyasında (1), Böyük Britaniyada (2), Almaniyada (1) və Yaponiyada (1) elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak edəcəklər.

Qeyd edək ki, “Mobillik qrantı” müsabiqələri daimi əsaslarla keçirilir. Yaxın günlərdə Elmin İnkişafı Fondu növbəti “Mobillik qrantı” müsabiqəsini elan edəcək.