Mən qəbul otağına daxil olarkən kiminsə “mən Qarabağ əliliyəm, deyirsiniz özümü yandırım” dediyini eşitdik. Şikayətə gələnlərin kimisi əmək hüquqlarının pozulmasından şikayətlənir, kimisi işlə təminat, ünvanlı yardım üçün növbəyə yazılır...
Vətəndaşlar sosial xidmətin təşkilindən, sosial müavinətlərin verilməsindən, ünvanlı dövlət sosial yardımın verilməsindən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin növbəlilik əsasında mənzillə təminatından, müharibə əlillərinin növbəlilik əsasında maşınla təminatından, əlilliyin təyinatı, əlillərin tibbi-sosial reabilitasiyasından, məşğulluq, işsizlik statusu və müavinətinin təyinatından şikayət edirdilər.
Vətəndaşların fikrincə, nazir onların problemini eşitsə, həllinə çalışacaq. Onların çoxunda belə qənatə vardı ki, şikayətlərlə bağlı nazirliyin yüksək vəzifəli şəxslərin məlumatı yoxdur.
Qəbul otağında elan lövhələrinə baxdım. Nazirin və müavinlərinin qəbul günlərini yazılmamışdı.
İkinci qrup əlil Əsədova Minayə Dadaş qızı deyir ki, ona birdəfəlik yardım yazıblar, amma vermirlər: “Evdə məndən də başqa iki əlil var. Bizim ailədə işləyən yoxdur. Oğlum Qarabağ müharibəsi əlilidir. Nazir müavini Natiq Məmmədov məni qəbul etdi, və dedi ki, mənə birdəfəlik yardım veriləcək. Amma bu vəd olaraq qaldı. 21 ildir ikinci qrup Qarabağ əlili olan oğlum-Əsədov Ülvi Rəhim oğlu evə ala bilmir. Hər nazir gələndə sənədlər dəyişdirilir. Oğlum Əli Nağıyevin vaxtından Səbail rayonunda ev növbəsindədir, Füzuli Ələkbərovun vaxtında iki dəfə sənədlər dəyişdirildi. Ona maşında vermirlər. 7 min manat borcumuz var, evimin əlimizdən alırlar. Səlim Müslimovun qəbuluna düşə bilmirəm. Deyirəm məni qəbul etsinlər. Nazirliyin əməkdaşları elə bilirlər ki, dilənçiyik. Bizi nazirin qəbuluna qoymurlar. Öz haqqımı tələb etməyə imkan vermirlər. Mən gündəlik işlə məşğulam. Ailəmizin başqa gəlir mənbəyi yoxdur. Prezident təqaüd 77 manat, pensiya da 125 manatdır. Bu pul bazar şərtlərinə uyğun deyil, onunla yaşamaq olmaz. Mənim 65 yaşım var. Aldığım pensiya mənim müalicəm üçün dərman puluma yetmir”.
Üçüncü qrup 20 yanvar əlili Dəmirov Yalçın Səməd oğlu dövlət qayğısının olmadığıdan şikayət etdi: “Mən Haciqabul rayon, Qızılburun kənd sakiniyəm. 23 ildir əliləm, dövlətin heç bir qayğısını görmədim. Yaşanılası mümkün olmayan daxmada yaşayıram. Hazırda o daxma da qəza vəziyyətindədir. Ailəliyəm, iki uşağım var. Ailəmin həyatını təhlükədən qorumaq üçün yerli icra hakimiyyətinə, Prezident Administrasiyasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim. Müraciətimə baxmaq əvəzinə mənə təzyiqlər oldu. Təhqir etdilər. Azadlıq uğurunda can qoymağıma peşman olmuşam. Mən belə bir müstəqillik istəməzdim. Mənə ev vermirlər. Maşın da vermirlər ki, psixoloji problemim var. Bu bəhanədir. Vicdanları olsaydı evimi heç olmasa təmir edərdilər. Onu da etmədilər. 23 ildir hüquqlarım pozulur”.
Şikayətçilər əlil olduğuna görə işə qəbul olunmadığını deyir, 130 manat pensiya yaşamağın mümkünsüz olduğunu bildirirlər.
bizimyolinfo.com