Noxud üstə yatmayan şahzadələr...

-noxud-uste-yatmayan-sahzadeler
Oxunma sayı: 2305


Müasir dövrün balacaları çox zəkalıdı. Nağıllara inanmayacaq qədər zəkalı...

Dünən bir tədbirdə balacalarla ünsiyyət imkanı qazandım. Bizim dövrün uşaqları ilə müqayisəyə gəlmirlər. Bilmirəm, uşaq biz idik, yoxsa bu dövrdə böyüyənlər? 

Andersenin “Noxud üstə yatan şahzadə”sini balaca Fidan təxminən belə şərh elədi: “O şahzadənin yeməyə çörəyi olmasa noxudun üstündə yatmaz, yeyər o noxudları.”

Tunar otaqdan çıxanda işığı söndürür. Valideynlərinə işığa, qaza, suya nəzarət etməyi tapşırır. Səbəbini soruşuram, deyir: “Atam yazıqdı. Pul qazanmaq üçün zəhmət çəkir. Həm də evimiz yanar, “Yanğınsöndürən Samir” gələ bilməz.” Niyə gələ bilməyəcəyi ilə maraqlanıram. Cavaba baxın: “İdman yarışlarına görə yollar bağlıdı. Birdən yolda qalar, evimiz yanar.”

Əli idmançı olmaq istəyir. Sentyabrdan karateyə gedəcək. Valideynlərinin çox xoşuna gəlib Əlinin bu fikri. İstəyirlər, tez böyüsün, çoxlu uğur qazansın, gələcəyini təmin eləsin. Avropa oyunlarından vəcdə gəlib uşaq. Yarışları canlı izləməkdən zövq alır.

Nilufər bağlarından meyvə dərib qonşu uşaqlarına verir. “Onların bağı yoxdu. Atası bazardan ala bilmir”,-deyir.

Sosial problemlər həmişə var. Amma biz o problemlərin içindən keçməmişik, yanından ötmüşük. Əhəmiyyət verməmişik. Maraq dairəmizdən kənar olub. İnfantil olmuşuq müəyyən qədər.

Bu dövrün uşaqları isə valideynlərin, zəmanənin qayğılarını, çətinliklərini hiss edərək boy atır. Zəmanə ilə birgə həmin qayğıların, çətinliklərin təyinatı da dəyişib. 

Daha ağıllı, zəkalı, müdrik uşaqlar yetişdirir dövran.

Biz valideynlərimizin məsələn, əlindəki qabarın, qırışların səbəbi ilə maraqlanmırdıq, amma onlar sanki o qabarı, qırışları hiss edirlər. Dövrümüzün “şahzadələri” “noxud üstə...” yox, valideynlərinin əllərinin qabarı üstə yatır sanki.

Attraksionlar daha gözəldi indi. Uşaqların əyləncəsi, təhsili, xoşbəxt yaşaması üçün hər şərait var. Qayğısız böyüdüklərini sevinclə deyə bilərik. Asosial böyütməmişiksə, ətrafa qarşı necə həssas olduqlarını asanlıqla hiss edə bilərik.

Dövrümüzün uşaqları müdrik böyüyür. Gələcək onların əlindədi...