Remarkın “Lissabon gecəsi”ni oxuya-oxuya çıxdım evdən. Şvars, yaşadığı mühacirətin dəhşətlərini nəql edirdi...
Vərdiş etdiyim kimi, məhləni səhər obaşdan oyanıb süpürməyə adət etmiş Fəridə xala ilə rastlaşmalı, hal-əhval tutmalı, sonra dayanacağa çatmalıydım. İllərdən sonra ilk dəfə Fəridə xalaya rast gəlmədim. Şvarsı unudub maraqlandım. Yaxınlıqdakı dükandan soruşdum...
***
Beli ikiqat olmuşdu. Gün-gündən bir az da əyilirdi torpağa və süpürgəsinə sarı. Məhlənin adamları bir başqa cür sevirdi onu. Bilirdi ki, halal zəhmətilə iki xəstə oğul saxlayır. O qədər xoşxasiyyət, mülayim idi ki...Mövqeyindən, statusundan, çiynindəki ulduzların, evlərinin, maşınlarının sayından asılı olmayaraq hər kəs hörmətlə yanaşırdı Fəridə xalaya.
***
Dedilər, ölüb...
Qonşular hüznlüydü...
Yer üzünün bir əzabkeşi xilas olmuşdu zülmdən.
İki tifili nə olacaqdı, bilinmirdi...
Dayanacağa çatanda geriyə boylandım. Məhlənin toz-torpağı, zir-zibili də darıxırdı elə bil.
***
Qul bazarının yanından keçdim. Metronun qarşısında dilənən ağbirçək qadına 20 qəpik verdim... İşlərimi həll edənə, günü başa vurana qədər xeyli hüznlü, əzabkeş adam gördüm. Bunlar mənim ölkəmin insanlarıydı!..
Axşam televiziyalar isə bu adamların ölkəsinin çiçəklənməsindən, Avropaya inteqrasiyasından-zaddan danışacaqdı.
***
Qapının ağzında zəngi basarkən son abzası oxudum. Şvars bir meyxanada alman qəzetlərinə rast gəlməsini nəql edirdi: “Qəzetlərin baş məqalələri dəhşət idi. Hamısı yalan, qana həris və bezdirici. Həmin yazılarda Almaniyadan qıraqdakı dünya çürük, məkrli, səfeh və yaramaz idi, belə çıxırdı ki, onun Almaniya tərəfindən zəbt olunmaqdan başqa çarəsi yoxdur. Qəzetlərin heç biri meyxana qəzeti deyildi, əvvəllər yaxşı ad çıxarmışdılar. Yazıların nəinki məzmunu, hətta üslubu da ağlasığmaz idi. Yanımda oturub qəzet oxuyan kişiyə nəzər saldım. Yeyir, içir və ləzzətlə oxuyurdu. Ətrafıma göz yetirdim. Oxuyanların heç birində qorxu, nifrət nişanəsi görmədim, hamısı gündəlik mənəvi təamlarına pivəyə öyrəşən kimi öyrəşmişdi.”
Son xəbərlər
Son Xəbərlər