Woddy Allenin baş rolda çəkildiyi öz filmlərindən birində belə bir dialoq var:
“- Mənə həyatı başa salmağa çalışma... Mən 2-ci dünya muharibəsi dövrünün uşaqlarındanam. Cəbhədə böyümüşəm.
- 2-ci dünya müharibəsində sənin 8 yaşın var idi.
- Düzdür, heç cəbhədə vuruşmadım. Tam ortada qaldım. Bu, daha çətin vəziyyət idi”.
l hissə
Muharibədə iştirak etmiş, tarixin canlı şahidləri olmuş valideynlərimiz bir baxıma daha şanslıdırlar. Çünki, onlar nə baş verdiyini qismən də olsa gördülər. Həm sovet dövrünü, həm indiki dövrü görüb rahatlıqla müqayisə edə bilərlər. Görmədiyimiz hadisələri istədikləri kimi bizə danışa və inandıra bilərlər. İstədiyin qədər kitab oxu, istədiyin qədər müxtəlif faktlarla qarşılarına çıx. Qarşında əyləşən ağsaqqalı hec cür inandıra bilməyəcəksən. Çünki, o gördüyünə(və ya görə bildiyi qədərinə) inanır, sən isə oxuduğuna və eşitdiklərinə.
Həyatının ən gözəl çağlarını sovet dövründə yaşamış nəslin nümayəndələrinin çoxu sovet dövrünü şirin bir xatirə kimi xatırlayır. Sonda baş verənlər- imperiyanın dağılması, Qarabağ müharibəsi, faciələr- bu şirin xatirələrə kölgə salsa da, onlar mümkün olduğu qədər şirin xatirələrini qorumağa və bundan qidalanaraq xoşbəxt qalmağa çalışırlar. Arada baş verənlər onlar üçün unutmaq istədikləri və unutmaq məcburiyyətində olduqları hadisələrdir. Çünki heç nəyin şirin xatirələrinə kölgə salmasını istəmirlər.
Biz isə gözümüzü açanda tamamilə başqa bir dünya var idi. Televizyada filmlər anlamadığımız dillərdə verilirdi. Kimisi rus dilini, kimisi azərbaycan dilini anlamırdı. Bu dillərdən biri yad idi. Kimin düşmən, kimin dost olduğunu hələ qavraya bilmirdik. Biz onlara, onlar bizə “çuşka” deyirdi. Tanımadığımız Kəlbəcər qaçqını olan qonşu uşaqları ilə küçə davalarında baş yarır, bizə stadionumuzda oynamağımıza imkan verməyən bu sevimsiz qonşularımıza şeirlər qoşub təhqir edirdik. Biz sovet dövründə doğulub, gözümüzü müstəqil dövlətdə açmışdıq. Müstəqil dövlətin ilk məhsulları idik. Bizdən istədiklərini yarada bilərdilər. Amma hələ məktəbin ilk illərində başımız qarışmışdı. Bəzilərimiz dərsə “türk dili”, bəzilərimiz isə azərbaycan dili dərsliyi gətirirdik. İçi eyni, adı fərqli iki kitab. Bunun səbəbini o zamanlar bizə heç kim izah edə bilmirdi. Müəllimlərimizin çoxu da heç başa düşmürdülər.
Səkkizinci sinifdə oxuyarkən sovet məkanının yarısnı gəzmiş bir ədəbiyyat müəlliməm var idi. O zamanlar o, nə desə inanırdıq. Bir gün dərsdə şiə-sünni söhbəti açılmışdı. Heç kim iki məzhəb arasındakı fərqi bilmirdi. Axırda müəllimədən soruşmağa qərar verdik. Ciddi şəkildə bu cavabı verdi: “Vallah dəqiq bilmirəm. Amma deyirlər ki, sünnilərin quyruğu var”.
Anamdan eşitmişdim ki, guya biz sünniyik. Bu cavabdan sonra heç kim görməsin deyə yavaş hərəkətlərlə əlimi arxama aparıb, quyruğumu yoxlamışdım.
Milli atributların bir çoxu ilə bağlı məktəb illəri ərzində daima müzakirə gedirdi. Gəncədən Bakıya təzəcə köçmüşdük. Beşinci sinifdə oxuyurdum. İdman dərsi müəllimi dərsə idman paltarı gətirmədiyimi görüb, məni utandırmaq üçün gözlənilməz bir sual vermişdi: “Azərbaycan bayrağının rənglərini de görüm, bilirsənmi?”. Müəllimə qarşı olan qorxumu boğub, həyəcanımı cilovlayaraq cavab vermişdim: “Göy, qırmızı, yaşıl”. Hər şeyin yaxşı bitdiyini düşünərkən, müəllimin əsəbi şəkildə mənə baxdığını gördüm. Gözlərimin içinə baxaraq dedi: “Deməli, göy-qırmızı-yaşıl, hə?”. -“Hə,müəllim”. Bu cavabımdan sonra əsəbi halda qışqırmağa başladı “Göy yox! Azərbaycan dilində göy rəng yoxdur! Mavi-qırmızı-yaşıl”. Bütün bildiklərim bir-birinə qarışmışdı.
Biz nə Xocalını xatırlayırıq, nə 20 yanvar faciəsini. Saatlarla çörək sırasında durub gözlədiyimiz də olmadı. Olsa da ya anamızın qucağında idik ya da başa düşəcək yaşda deyildik. Hər şeyi valideynlərimizdən, qohumlarımızdan eşitdik. Biz bu hadisələri tamamilə fərqli şəkildə beynimizə qazıtmışıq. Hər il faciə günlərində rəsm dərsi müəlliməmiz bu haqda alboma şəkil çəkməyimizi tapşırardı. Çoxumuz evə gedib, dərslikdəki şəkilin eynisini alboma köçürdərdik. Bu şəkillər beynimə elə həkk olunub ki, İstanbulda oxuduğum illərdə dərsdə fikrə gedəndə bir də baxırdım ki, dəftərə tanklar, tankların qarşısında əl-ələ duran insanlar çəkmişəm. Əzik-üzük maşınlar, yerdə ölü yatan cansız bədənlər, göydən yağış kimi yağan qan damlaları... Bu damlalar ürəyimizə səpilən nifrət toxumları idi.
O zamanlar milli kimlik, azərbaycanlı olmaq anlayışı da tam oturmamışdı. Müəllimlərimiz bizə azərbaycanlı olduğumuzu öyrədə bilmirdilər. Öyrətdikləri sadəcə kitabda yazılan-əzbərləməli olduğumuz şeylər idi. Himn öyrətməklə bir insana milli kimliyi mənimsətmək mümkün deyil. Əvvəlcə ona “mən azərbaycanlıyam” deməyi öyrətməlisən. Çoxumuz bu cəhətdən ləng yetişdik, gec mənimsədik. 2002-ci ildə Azərbaycan- İtalya matçında rəngli kağızların arxa səhvəsində himnimizin sözlərinin yazıldığını xatırlamayan yoxdur yəqin.
Biz ata anamızın doğulub böyüdüyü torpaqları görə bilməyən, rəngsiz şəkillərdə gördüklərimizdən yarımçıq dünya yaradan gəncliyik. Bilmədiyimiz, görmədiyimiz ana yurdumuzun həsrətini çəkirik. Bu çox acınacaqlıdır. Əsl faciə budur. İşin daha pis tərəfi də var. Bir gün inandığımız dəyərlər sistemi-bizə danışılan, öyrədilən dəyərlər dəyişsə daha acınacaqlı vəziyyətə düşəcəyik. Yarımçıq gəlib, yarımçıq gedəcəyik...
ll hissəyə giriş
...Bir gün müəllim onu dərsə qaldırdı. Sevil heç bir suala cavab verə bilmədi. Müəllim istehza ilə soruşdu:
- Sən haralısan?
- Qaçqınam müəllim.
- Hə, bəs harasından?
- Xocalıdan.
O günə qədər onun Xocalıdan olduğunu heç kim bilmirdi. Əslində o gün müəllimdən başqa heç kim onun Xocalıdan olmasının hər hansı bir əhəmiyyəti olduğunu düşünməmişdi. Nə isə eşitmişdik amma tam qavramırdıq. Başa salanımız yox idi. Müəllim dərs oxumadığına görə Sevilə heçnə demədi, əsəbləşmədi. Biz də boş-boş Sevilə baxdıq. Görəsən, axı nə baş vermişdi?