Poznerin ermənisayaq fitnəsi

-poznerin-ermenisayaq-fitnesi
Oxunma sayı: 2213


Rus jurnalistikasının güclü, peşəkar olduğu qədər xəyanətləri də var. Telejurnalistikaya damğasını vurmuş simalardan biri Vladimir Poznerdir. İllərini bu işə vermiş, saç ağartmış, dəri qırışdırmış Poznerin nüfuzunun bir açarı vardı. O, da qətiyyəti, doğrusu, operativliyi  idi. Deməli, erməni sevgisi də bu boyda ekran divini “pozmağa”, yolundan döndərməyə qadir imiş. 

Son bir neçə həftə telejurnalist Rusiyanının birinci kanalı ilə yayımlanan “Pozner” müəllif verilişində erməni küləyi əsdirdi. Erməni üçün bu növbəti qələbə, bizim nəzər nöqtəmizdə isə Poznerin türkə olan nifrətinin təzahürü idi. Nəhəng Poznerdi, əqidəsini dəyişdi, həqiqətini satdı, kefi belə istədi.  Həmin kanalda  azərbaycanlı jurnalist İradə Zeynalovanın məlum xəyanəti başımızı elə qatdı ki, Poznerin erməni planı kölgədə qaldı. Bir də, deyəsən İradə elə Pozner məktəbindən bəhrələnir.

“Pozner”in son buraxılışlarını  izləyəndə məlum olur ki, proqram mətbəxində erməni başları işləyib. Deməli, Pozner qondarma erməni soyqırımı ərəfəsində verilişinə əvvəlcə məşhur ermənisoylu fransız müğənni Şarl Aznavuru dəvət edib. Özü də vaxtiylə Fransada yaşamış telejurnalistin müsahib ilə söhbəti fransızcadadır. Havadan-sudan, işdən-gücdən verdiyi suallar arasında Poznerin məqsədi aydın şəkildə sezilir. Hər fürsətdə qondarma erməni soyqırımını hallandırmağa çalışır. Erməni “faciəsi”ndən danışanda dərindən kədərləndiyini tamaşaçıya yükləməyi hədəfləyir. Yaşlı Şarl soyqırım məsələsindən söhbət açmağa heç həvəsli deyil, tək dediyi “mən siyasətçı deyiləm” etirafıdır. Atasının vaxtiylə anası ilə Fransaya gəlməsini Pozner “soyqırım” tarixinə calamaq istəsə də, Şarl “atamgil işsizlikdən qaçmışdılar”, deyir. Pozner türklər haqqında mənfi düşüncələrini dilə gətirdikcə, Şarl türklərə hər hansı nifrət bəsləmədiyini vurğulayır. Veriliş boyu yaşlı müsahibin ağlı, kamilcə davranışı, düşüncələri maraqlıdır. Ona görə də, Pozner onu “oyununa” gətirə bilmir. 1300 musiqi əsərinin müəllifinin başının yalnız işinə, öz həyatına qarışdığını anlamaq heç də çətin deyil. Çünki veriliş boyu 90 yaşlı Aznavur dəfələrlə qeyd edir ki,  erməni mənafeyini müdafiə etmək məcburiyyətindədir, həmin maraqların doğru, yalnış olmasına baxmayaraq buna borcludur. Deməli, bu yaxşı bildiyimiz güclü erməni diasporasının uğurudur. Pozner Şarlla olan verilişində erməni vəkilinə döndü və bu öhdəçiliyini növbəti dəfə İrəvan səfərində bir az da şişirdi. Hiyləgər “Pozner” qondarma erməni soyqırımının 100 illiyində iştirakı mərasimini yola verdi və erməni prezidentini qarşısına aldı. Sarkisyanla müsahibədə yenə də Türkiyə, Ərdoğan hökümətinin qeybəti edildi. Başqa vaxt müsahibinin üzünə qızaran, cəsarətli olan Pozner bu dəfə sürətini xeyli azaltdı. Əvəzində ayağına geydiyi  qırmızı corabı gözə girdi. Verilişiboyu Pozner dəfələrlə qondarma erməni soyqırımından danışdı, amma bir dəfə də erməni cəlladlığından, ən azı işğaldan mədəni şəkildə  söz açmağa ürək eləmədi. Qarabağ məsələsində Sarkisyana söz haqqı verdi, öz həqiqətini basdırdı. Ağsaqqal jurnalist əqidəsinə dönük çıxdı. Ermənibaşının cavablarından narazılığı gözündən oxundu, amma susdu. Beləcə üstünə düşən vəzifəsini, erməniyə verdiyi sözü tutdu. Bir də axı bu Poznerin son erməni vəkilliyi deyildi. 31 mart –milli soyqırımımız günündə bakılı rejissor Yuliy Qusmanı verilişinə dəvət edən Pozner acığımıza erməni vəkilliyi etmişdi. Bakı haqqında xoş təəssüratlarını bölüşən Qusmana “Sənin Bakında ermənini kəsirdilər”, deyən Poznerin mövqeyi artıq bəlli idi.

Və Pozner də  belə getdi. Üzü qara siyahımıza...