Qarabağa turist səfəri...

-qarabaga-turist-seferi
Oxunma sayı: 1436


“Qafqazinfo” milli.az-a istinadən xəbər verir ki, Ermənistanın İnkişaf Fondunun rəhbəri Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfər edib. Məlumata görə, Armen Gevorkyan qondarma DQR-in "prezidenti" Bako Saakyan tərəfindən qəbul edilib. Görüş zamanı Dağlıq Qarabağ ərazisində turizmin inkişaf etdirilməsi məqsədilə Fondun təşəbbüsü ilə "Eko-Derevni" adlı layihənin həyata keçirilməsi məsələləri müzakirə olunub. Layihənin 2015-2020-ci illəri əhatə edəcək 3 mərhələdən ibarət olacağı, artıq layihənin həyata keçirilməsi üçün təşkilati və texniki məsələlərin müzakirə edilərək qəbul edildiyi bildirilib.

Layihənin həyata keçirilməsi üçün yay və payız aylarında işğal altında olan ərazilərdə otellərin, istirahət güşələrinin tikintisinə başlanılacağı qeyd edilib.

Layihə çərçivəsində ilk turist qəbulunun 2016-cı ilin yay aylarında mümkün olacağı bildirilib. Ermənistanın İnkişaf Fondu ilə əməkdaşlığın Dağlıq Qarabağda turizm sahəsinin inkişafına təkan verəcəyi qeyd edilib.

Dağlıq Qarabağın münaqişə bölgəsi olduğunu və Azərbaycanın antiterror əməliyyatına hər an başlaya biləcəyini nəzərə alsaq, bu əraziyə ermənilərin fikirləşdikləri kimi, "turizm axını"nın olacağını düşünmək sadəlövhlükdür.

Sadəcə, indiyədək olduğu kimi, Dağlıq Qarabağa yenə Ermənistan vətəndaşları, bir də xarici ölkələrdəki erməni diasporunun təmsilçiləri və Yerevanın təbliğat məqsədilə dəvət etdiyi şəxslər gələ bilərlər.

Onlarınsa Azərbaycan ərazisinə rəsmi Bakının icazəsi olmadan səfərləri qanunsuzdur.