Qaranlığı söyməkdənsə, şamı yandır!

-qaranligi-soymekdense-sami-yandir
Oxunma sayı: 2163


Almaniyanın Dil Birliyi 2014-cü ilin ən pis sözünü seçib. Bu da “yalançı mətbuat” sözüdür. Bu söz - Avropada İslam dininə qarşı fəal mübarizə aparan gənclər təşkilatının rəhbərliyindən çıxıb. Təşkilatın adı belədir: “Qərbin islamlaşmasına qarşı vətənsevər avropalılar”. Sadə dillə deyilərsə radikal tör-töküntülər.  

Dildə söyüş işlətməyin tarixinin nə vaxta gedib çıxması barədə Freydin bəzi təxminləri olsa da, o bəllidir ki, bu “ürəyi boşaltma” forması ibtidai icma quruluşundan qalıb. Ola bilsin mamont ətindən kiməsə çatmayıb, o da dilinin altında söyüş söyüb. Yaxud, mağarada soyuqdan büzüşən biri qonşu mağaraya qaçaraq başqasının kustar kürkünü götürüb qaçıb, qarşı tərəf də dişinin dibindən çıxanı yağdırıb. İlkin söyüşlər təxminən belə ola bilər: “Günəş səni yandırsın”, yaxud, “Dilinə mamont ət dəyməsin”. İnanmıram ki, təkamül dövründə “yeddi arxa dönən”, “əbü-əcdad”, “sənə kərpic qoyanın” kimi beşmərtəbəli söyüşlər olsun. Sivilizasiya mürəkkəbləşdikcə, söyüşlərin də mərtəbələri artır. Necə ki, qamış evlərin yerini göydələnlər tutdu. 

Söyüş – insanın nəyəsə etirazının ütülənməmiş formasıdır. Yəni, burada ailə tərbiyəsindən tutmuş yaşanan mühütə qədər hərəsinin öz payı var. Söyüş – bir ədəbsizlik, həm də zəfər tağıdır. Kütlə söyüşü xoşlayır. İnqilablar sivil, estetik şəkildə baş verməyib, şüarlar söyüşlərlə zənginləşdirilib, natiqlər fikirlərini kütlənin beyninə yeritmək üçün mərtəbəli söyüşlər işlədiblər, öz arxalarınca aparıblar. Dünyanın hansı yerində yenə inqilab olsa söyüşdən istifadə ediləcək, çünki, effektivliyini təsdiqləyib.

Beləliklə, Almaniya ilin ən “idbar” söyüşünü elan etdi. Bu “yalançı mətbuat” sözüdür. Yox, bu “əbü-əcdad”la bərabər tutulan söyüş deyil, kökündə siyasi motivlər mövcuddur, həm də diqqət Qərbin İslamlaşmasından narahat olan təşkilata yönəldilir. Aydın məsələdir. Karikatura çəkənlərə dərsin necə verilməsi gələcəkdə tarixin gizli məqamlarının açılması prosesində üzə çıxacaq. İsgəndərin buynuzunun olması sirrini gizlədə bilməyən dünya, bu ssenarini də bizə açacaq. Hələliksə Avropa İslamı söyür. Söyüşün siyasi tərəfi də belə ortaya çıxır.  

Ruslar çox söyüşcüldür. Sözlərinin əvvəli də, axırı da ana söyüşündən tutmuş insanın doğuluşuna qədər ürəyin istəyəni tapa bilərsən. 

Yaponlar isə söyüş söyməyi ən alçaq hərəkət hesab edirlər. Onların ən dəhşətli söyüşü belədir: “Pisin biri pis”. Şərqin müdrikləri miniiliklər boyu formalaşdırdıqları dəyərləri söyüşlə bada vermirlər. Əzəmətlərini və möhtəşəm olmalarını qoruyur, nəsildən-nəsilə ötürürlər. 

Söyüşün - müqəddəs dəyərlərin əldən getməsi zamanlarında, mənəvi aşınma dövrlərində daha çox işlənməsini deyən Kant haradasa yanılır. Çünki, rus ən xoşbəxt anlarında da söyüş söyür. Və bu onun gündəlik həyat tərzinə çevrilib, o, bundan zövq alır. Hətta həyat yoldaşlarına komplimenti də söyüşlə edirlər. Həyat yoldaşları da onlara söyüşlə cavab verir və beləcə gülüşürlər, mehribanlıqla ailə həyatı sürürlər. Hətta, uşaq da atasını söyə bilər. “Sabahın xeyir”, “səni sevirəm” də söyüşlə deyilə bilər, bu qana hopmuş məişət tərzidir.  

Söyüş həm də başqaları üzərində ağalıq iddiasında olanların özünütəsdiqidir. Təsadüfi deyil ki, dünyanın 5-6 imperiya xislətli xalqlarının dilində söyüşlərin çoxluq təşkil etməsi yuxarıda deyilənlərə sübutdur. 5-6 imperiya xislətli xaqlardan başqa, digər xalqlar elə belə də qalacaqlar, dünyanın zülmətinə qədər sülhpərvər olacaqlar. İçində də biz. Biz imperiya xislətli deyilik. Ərazilərimizi genişləndirmək üçün ölkələrə hücum etmək, qırğınlar törətmək tarixin ayrı-ayrı məqamlarında qığılcım formasında alışsa da, ümumilikdə sülrhpərvərik. Özünmüdafiə taktikası əsil bizlikdir. Son söz budur ki, dünyanın imperiya xislətli millətlərinin dilində söyüşün çox səslənməsi daxillərindəki ağalıq iddiasından gəlir. 

Son illərə qədər biz də söyüşcül olmamışıq. Belə halları yerində oturdanlar tapılıb. Ana söyüşünə görə kiminsə ölümünə fərman verilib, bir müqəddəsliyi saxlamaq naminə ömür-günlərini həbsxanada keçirənlərimiz çox olub. Həm də ona görə belə söyüşləri dilimizə gətirməmişik ki, ananın, doğmaların, ölənlərin müqəddəsliyini qanımızda, canımızda duymuşuq.  Rus təbii ki, ana söyüşünü dilinə gətirəcək. Çünki 17 yaşına çatandan sonra anasının-dədəsinin harda olması ilə maraqlanmır. Heç maraqlanmağa özünü borclu da hesab etmir. 

Bizdə belə söyüşlərin artması mənəvi aşınmanın, əxlaqın 3 qəpiyə enməsinin göstəricidir. “Cipsi ilə böyüyən, gününü beynəlxalq restoran şəbəkələrində geni modifikasiyalı xörəkləri yeməklə keçirənlərdən hansı müqəddəsliyi gözləmək olar” sualı son illər daha da aktuallaşıb.

Artıq iki məktəblinin dilində ana söyüşləri heç nə olub. Sosial şəbəkələrdə söyüşün biri 5 qəpiyə. Yalançı profillərlərin arxasından boylanıb, üz-üzə gələndə dili kəkələyən qanı bəlli olmayanlar kimdən zəhləsi gedirsə söyür. Harasına gəldi, kiminə gəldi, təki, içinin qurdunu öldürsün, özünü qaranlıq otaqda tək qalanda təsdiq etsin, bununla öyünsün. Təki söysün: düşmənindən tutmuş bayrağına qədər.

Adamlar həm də ona görə söyüş söyürlər ki, özlərini bu yolla təsdiq etsinlər. Fiziki gücsüzlüklərini, əyilən iradələrini ört-basdır etmək üçün qabaqlayıcı tədbirlər görsünlər. Cəmiyyətdə ona qarşı çevriləcək reaksiyaları “mən tərbiyəsizəm” formulası ilə dəf etsinlər. 

Yumşaq, mədəni adam daha bu cəmiyyətdə heç kimə lazım deyil. Adamlar daha fərqli istəyirlər. İnsan mənən tərbiyəsizliyə meyillidir. Söyüş söyənlərin ətrafına ona görə toplaşırlar ki, o adamı özünün geninə qaytarır. Daha ana südü içməyin, mühütün, etika-estetika dərslərini keçməyin faydası yoxdur. Adamlar öz genlərinə sadiqdir. 

Bu kiçik ölkənin gələcəyini söyüşlə formalaşdırmayın. Qaranlığı söyməkdənsə, şamı yandırın. Həmişə işıqlıq olsun.