Qoyun otarmaq üçün diplom

-qoyun-otarmaq-ucun-diplom
Oxunma sayı: 2926


Qəbələdə yaşayan müəllim dostum üç-dörd il əvvəl belə demişdi: “Bizim uşaqların hamısı ali məktəbdə oxuyur. Az-çox savadı olanlar Bakıda, adını yaza bilməyənlər isə xaricdə təhsil alırlar”.

Vaxtilə xaricdə təhsil almaq prestijli iş sayılırdı. Hamı başa düşürdü ki, Azərbaycanın hüdudlarından kənarda oxumaq üçün baş lazımdır. Sovet dövründə Rusiyanın müxtəlif şəhərlərində təhsil alan azərbaycanlıların necə qürrələndiklərini öz gözlərimlə görmüşdüm...

Daşdan pul çıxarmağı bacaran müasir insanlar hətta təhsili də alver predmetinə çeviriblər. Azərbaycanlı valideynlər övladlarına diplom almaq arzusu ilə yaşadıqları üçün əcnəbi dələduzlar onları asanlıqla “tor”a sala bilirlər. Hazırda Türkiyənin və Ukraynanın özəl universitetlərində təhsil alan azərbaycanlıların dəqiq sayını heç kim bilmir. Bildiyimiz bircə odur ki, Ukraynanın və Türkiyənin bəzi universitetlərində təhsil alan gənclərimizin əksəriyyəti hətta adını da yaza bilmir.

İndi məlum olur ki, rus dilində iki kəlmə danışa bilməyən adam Ukraynanın hansısa universitetindən “məzun olub”. Adam tanıyıram ki, xarici pasportu olmadığı halda Xarkovda fəaliyyət göstərən özəl universitetlərdən birinin 4-cü kurs tələbəsidir. Təəssüf ki, bu cür universitetlər qardaş Türkiyədə də çoxdur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi imtahanlardan aşağı bal toplayan gənclər attestatla Türkiyə universitetlərinə qəbul olunurlar. Bir qrup dələduz Türkiyə təhsil sistemini elə günə salıb ki, vaxtilə bu ölkənin nüfuzlu ali məktəblərindən məzun olan şəxslər indi bu faktı qabartmağa xəcalət çəkirlər.

Bu mövzuda araşdırma apararkən qarşıma maraqlı bir fakt çıxdı: dörd il əvvəl TQDK-nın keçirdiyi imtahanda 52 bal toplayan bir həmvətənimiz indi Misirdə tibb təhsili alır. Allah bizim işimizi belə “həkim”lərə salmasın...

Əhalinin kütləvi şəkildə ali təhsil alması ilə bağlı ənənə bizə sovet dövründən miras qalıb. Hesab edirəm ki, həm Təhsil Nazirliyi, həm də TQDK gənclərimizin pulla diplom almasına biganə qalmamalıdır. Əhali arasında maarifləndirmə işi aparmaq lazımdır. Valideynlərə izah olunmalıdır ki, onların pul verib aldıqları diplomlar heç nəyə yaramır...

Bu hadisəni mənə Salyanda yaşayan bir qohumum danışıb. Sən demə, onların kəndində çoban işləyən bir gənc sevdiyi qızın acığına qoyun-quzusunu satıb, Ukrayna universitetlərinin birinə qəbul olur. Oğlan 4 il müddətində 7200 dollar təhsil haqqı ödəyəndən sonra həmin universitetin diplomunu alır. Amma aldığı diplom heç bir işə yaramadığı üçün əvvəlki peşəsinə qayıdır. Ara yerdə yüzə yaxın davar əldən çıxır...

Demək istədiyim odur ki, dünyanın heç bir yerində qoyun otarmaq üçün diplom tələb olunmur. Odur ki, bir-birinizin bəhsinə girib, pulunuzu dələduzlara yedirməyin. Qapınızdakı qoyun-quzuya yazığınız gəlsin...