Allah-Təala insana ona görə ağıl verib ki, təhlükəni vaxtında duysun, onu dəf etmək üçün adekvat addımlar atsın. Ağlı başında olan adam burnunun ucundan beş metr qabağı görməlidir. Hazırda yazı masamla qarşıdakı divarı cəmi dörd addım ayırır. Aydın məsələdir ki, beşinci addımı atsam, başım sovet dövründə inşa olunmuş bu köhnə tikilinin qaya kimi möhkəm divarına dəyib, iki yerə parçalanacaq...
Son illər ölkəmizdə sosial problemlərdən əziyyət çəkən insanların sayı xeyli artıb. Təkcə işsizlər deyil, hətta əlində işi, yaxşı qazancı olan adamlar da saysız-hesabsız qayğıların məngənəsində çabalayırlar. Təcrübə göstərir ki, pul xərcləmək pul qazanmaqdan daha çətindir. Digər bir problem isə ailə planlaşdırmasının düzgün aparılmamasıdır. Ötən gün təxminən 35-40 yaşlı bir kişi qabağımı kəsib, iş üçün ona köməklik göstərməyimi xahiş etdi. Hansı peşənin sahibi olduğunu soruşanda, belə dedi: “Fəhlə babayam”.
Bir qədər tələsdiyim üçün könülsüz cavab verdim: “Dost-tanışa deyərəm”.
Amma yaxamdan əl çəkmədi: “Müəllim, 6 uşağım var, onlara yazığın gəlsin”.
Təəccübdən az qaldı ki, gözlərim kəlləmə çıxsın. Qeyri-ixtiyari olaraq, ayaq saxladım. Söhbət əsnasında məlum oldu ki, bu adam son üç ildə evinə beş manat qazanc gətirmədiyi halda iki dəfə ata olub. Mən, ailədə uşaqların sayının çox olmasının tərəfdarıyam. Amma bir şərtlə ki, ailənin başçısı heç olmasa, övladlarının minimum ehtiyaclarını ödəyə bilsin...
Son vaxtlar həyat yoldaşını, körpə uşaqlarını kənddə qoyub, iş dalınca Bakıya gəlmək dəb düşüb. Tanıdığım adamların arasında da belələri az deyil. Bir də görürsən ki, evdə qırğın düşüb. Səbəbi ilə maraqlananda məlum olur ki, kişi evə pul vermir. Ərkim çatan adam olanda qazandığı pulu hara xərclədiyini soruşuram. Cavab belə olur: “Müdir dörd aydır pulumuzu vermir”.
Bizim heç birimiz pis adamlara ürcah olmaqdan sığortalanmamışıq. Amma qarşımızdakı adamın dələduz oluğunu anlamaq üçün ona dörd ay hamballıq etməyə ehtiyac yoxdur.
Qazanc dalınca Rusiyaya gedən adamların aqibəti isə bəzən daha ağır olur. Özlərinə düz-əməlli iş tapan adamlarla işimiz yoxdur, Allah qazanclarını daha da bol eləsin. Amma bir də görürsən ki, ata-ananın ümid yeri olan oğul Rusiyanın ucqar vilayətlərinin birində donuz otarır. Qazancı bir qarın yeməyə, bir də çöllərdə yırtdığı ayaqqabıları dəyişməyə çatdığı üçün illərlə geri qayıda bilmir. Bu cür vəziyyətlə qarşılaşanda həmişə beynimdən bir sual keçir: qürbətdə rusun, erməninin donuzunu otaran bu adam niyə gəlib doğma atasının qoyunlarını otarmır?
Həmişə bu barədə düşünəndə yadıma bir neçə il əvvəl Zaqatalada tanış olduğum nurani qocanın sözləri düşür: “Deyirlər, bizim bu dağlarda canavar olur. Amma indiyə kimi heç birimiz canavarın üzünü görməmişik. Canavar ildə dörd bala doğsa da, arta bilmir. Çünki haramçılıqla məşğuldur. Qoyun isə ildə bir dəfə balalayır. Üstəlik, tez-tez kəsirik, ətini yeyirik. Amma yenə kökü kəsilmir. Çünki halal heyvandır. Harda halallıq varsa, orda bərəkət var”.
Son xəbərlər
Son Xəbərlər