Yaltaqlanmaq artıq MƏNA zirvəsinə çatıb deyə, janrların fövqünə qalxıb: Şeirlə, nəsrlə, məqalə, esse ilə də yaltaqlanmaq olar. Problem yoxdur. “Facebook” azarına mübtəla olanlar yaxşı bilir ki, biz istifadəçilərin şənbə-bazar da əli gicişir, səhifənə daxil olub bir baxırsan, nə var, nə yox. Ancaq heç də hər şey səhra sayaq dilsiz olmur, bir də görürsən yaltaqlıq yelləri işıqlı səhifələri, statusları “söndürür”.
Olur ki, şənbə günü axşam, yaxud bazar günü səhər tezdən, bir yaltaq müdafiə etdiyi bir adamı öyür, yaxud hansısa partiyanı, şəxsi və s. söyür. Statusun mətnini oxuyandan sonra Düşünən Adam heykəli vəziyyətini alıb baş sındırmağa ehtiyac olmadan qanırsan ki, bu insanın dilinin altında gizlənən mətləb budur: “Əks tərəfdə pisdir, bircə mənə çörək verən adamdan başqa”. Olsun, neynək, istəməyənin iki gözü bir deşikdən tökülsün. Fəqət məsələ ondadır ki, sən il 11 ay və həftədə beş gün bu dediklərini ya əməlinlə, ya sözünlə cəmiyyətə, heç olmasa ətrafına, bəxtin yeyin olsa həmin adamın özünə çatdırırsan, doyunca yaltaqlanırsan. Həftədə beş gün sənə iş vaxtı ayırıblar, bu müddətində - 8 saat nə qədər istəyirsən yaltaqlan. Şənbə-bazar isə istirahət günüdür, uzan, yat, canın rahatlaşsın, beynin dincəlsin...
Hərdən şənbə-bazar elə statuslar oxuyuruq ki, onlara görə həmin yaltaqlara “əlavə iş saatı” yazmaq lazımdır. Çünki adam ailəsinə, uşaqlarına, özünə ayıracağı vaxtdan kəsib yaltaqlanır. Özü də statusdan da görünür ki, bu adamın canında beşinci gün gecə yatıb, şənbə günü gündəkindən gec oyanan insanın rahatlığı yoxdur, bu bəndə ruhən oyaq qalıb, səhəri dirigözlü açıb, söyəcəklərini və öyəcəklərini yaxşı-yaxşı götür-qoy eləyib.
Fasiləsiz çalışan, zəhmətkeş yaltaqlar lap zənci kimi işləyirlər. Dəryalar mürəkkəb ağaclar qələm olsa, onların yazdıqlarını ifadə eləməyə çatmaz. Özü də belə statuslar ona görə seçilir ki, şənbə-bazar hamı istirahətdən, kitab təqdimatından, ad günündən, toydan şəkil paylaşdığı yerdə, birdən rast olursan belə cani-dildən tərifə, yaltaqlığa, ovqatın dəyişir. Elə bil həmin adamlar göstərmək istəyir ki, baxın, mən sizin kimi kef eləmirəm, siz dincəlirsiniz, ancaq mən işləyirəm.
Belə bir lətifə var ki, evlərində görüşməyən yüngül əxlaqlı xanımlardan birindən bunun səbəbini soruşanda, belə deyir: “Evə iş gətirmirəm”. Ancaq bu yaltaqlar yüngül əxlaqlılardan da daha ehtiyaclıdırlar deyə, şənbə-bazar da “iş” haqqında düşünürlər, dayanmadan çalışırlar.
Di uğurlar...
Son xəbərlər
Son Xəbərlər