-Yaradıcılığınızda hansı yeniliklər var?
- Yeni mahnılar yazdırmışam. Sözləri Bəxtiyar Vahabzadə, musiqisi Fərid Bayramlıya məxsusdur, “Arzu” adlanan mahnım artıq hazırdır. Mövzusu çox aktualdır. Bəstəyə klip çəkdirəcəm, “Ayrılmarıq” mahnımın da müəllifi Fərid Bayramlıdır. Müəllif klip çəkdirmək istəsə, ekranlaşdıracağıq.
- Yay-payız aylarında konsert olacaqmı?
- Ötən il çox sayda konsert vermişəm, artıq yorulmuşam. Ötən gün Heydər Əliyev sarayında baş tutan konsertin görüntülərinə baxırdım, sarayın səhnəsi üçün darıxdım. İnşallah, qismət olsa, konsert proqramı ilə çıxış edəcəm.
- Deyirlər ki, müğənnilər konsertdən gəlir əldə etmir, biletlər əsasən paylanılır. Müğənni gəlir əldə etməsə də, konsert verməlidirmi?
- Müğənni konsert verməlidir. İllərdir ki, konsert verməməyimin səbəbi keyfiyyətli avadanlığın olmaması və işçilərin məsuliyyətinin məni qane etməməsi idi. Azərbaycanda hər şey yüksək səviyyədə olandan sonra sarayda anşılaqla keçən konsert verdim. Konsertim yüksək səviyyədə keçdi. Kim deyir ki, müğənni gəlir əldə etmir?

- Həmkarlarınız tez-tez gileylənir ki, konsert biletləri satılmır.
- Müğənninin konsertinə biletlər satılır, gəlir də əldə edir. Mənim konsertlərim anşlaqla qarşılanıb və bankrot olmamışam.
- Şou-biznesdə nələri bəyənmirsiniz?
- Şou-biznesdə səviyyəsiz müğənniləri və musiqini bəyənmirəm. Səviyyəsiz müğənnilər çoxalıb. Təəssüflər olsun ki, tamaşaçılar da o zövqdə tərbiyə olunur. Gözəl musiqilər azalıb. Musiqidə inkişaf yoxdur, geriyə sayırıq. Bu nüanslar məni narahat edir.
- Natavanın adı tez-tez qalmaqallarda hallanır. Bu qalmaqallar sizi bezdirmir?
- Mənə çox adam atmaca atır. Mən atmacalara cavab vermirəm. Şəxsiyyətimi, mənəviyyatımı alçaltmaq istəyəndə, şər-böhtan atanda susmuram. Başımı aşağı salıb işimi gördüm, kim susmadısa, məhkəmədə cavabını aldı, hər şey qanunla həll olundu. Bu yaxınlarda Tolik yenə də Bakı Apellyasiya Məhkəməsində uduzdu. Artıq bundan o tərəfi yoxdur. Bu söhbətlərdən bezmişəm, amma onlar dayanmırlar. Uduzurlar, yenidən Apellyasiya Məhkəməsinə müraciət edirlər. Mən sakit işimi görürəm. Mən haqq tərəfindəyəm, haqqımda deyilənlər yalandır, böhtandır. Haqlı olduğuma inandım, ona görə də bu işin sonuna qədər getdim və qalib gəldim.
- Bəzi həmkarlarınız bildirir ki, Natavan klub müğənnisidir.
- O bəzilərinin musiqidən anlayışı yoxdur, paxıllıq edirlər. Mən klub, konsert zalının müğənnisiyəm. Mən müğənniyəm. Sabah klubda da oxuya bilərəm. Azərbaycanın ən böyük zalı Kristall Hallda birinci mən oxumuşam. Heydər Əliyev sarayında konsert vermişəm, orada bir dənə də klub mahnısı səsləndirməmişəm. Ancaq öz repertuarımı və sevdiyim mahnıları oxumuşam. Mən səs və rəqs nümayiş etdirmişəm. Sırf kommersiya konsertləri olanda gənclərin nəbzini tutan mahnılar oxuyuram, klubda çıxış edirəm. Heç bir səhnə məni qorxutmur, istənilən yerdə oxuya bilərəm.

- “W-trio”nun yenidən bir araya gələrək yeni layihə hazırlaması tez-tez gündəmə gətirilir. Hər dəfə bir qrup üzvü işbirliyi təklif etdiyini və təklifinin cavabsız qaldığından gileylənir.
- Bu haqda danışmaq istəmirəm. Mənə özüm haqda suallar eşidəndə xoş olur . Başqa müğənnilər haqda danışmağı sevmirəm.
- Sizə hər hansı təklif gəlibmi?
- Bu haqda danışmaq istəmirəm.
- Natavanın ailə qurması xəbərləri son günlər ən çox müzakirə olunan mövzudur.
- Ailə qurmağım haqda da artiq danışmaq istəmirəm. Şəxsi həyatım şəxsi məsələdir. Bunu məndən yaxşı heç kim bilməz. Bu haqda məndən əlavə kiminsə bilməsi düzgün deyil.
Könül