Tovuzlu dostumla balaca mübahisə etdik. Yox, əksər gənclər kimi mübahisə edib əlimizi bıçağa atmadıq, nə də ölənlərimizi söymədik, çünki ailə tərbiyəsini yaxşı almışıq. Dostum dedi ki, Tovuz Sabirabaddan qədimdir. Bildirdi ki, bizim nəinki tariximiz qədimdir, hətta mənzərəli təbiətimiz də var. Bəs, sizin Sabirabadda nə var?
Tovuzlu sözlərimə təəccüblənib nəsə demək istədi, sözünü yarımçıq saxladım. Çox böyük qürurla bildirdim ki, Nadir şah Sabirabadın Suqovuşan kəndində taxta çıxıb. Elə gedib Tovuzda çıxardıda da taxta. Deməli, taxta çıxmağa Sabirabadı seçibsə, bu ağıllı şah üçün təsadüf ola bilməz. Elə alovlanmışdım ki, Elmlər Akademiyasının gənc alimləri isti Muğan torpağı barədə fikirlərini getdikcə dəyişirdilər və bunu sifət cizgilərindən hiss edirdim. Tovuzlu dedi ki, “bizdə kurqan qəbirlər tapılıb”. Dediyim növbəti cümlə isə hamını şoka saldı. Bildirdim ki, əgər sən kurqan qəbirlərlə fəxr edirsənsə, Sabirabad ilk insanın orada yaranması ilə fəxr edir. Əlbəttə, bu yerdə ağ elədim, amma fikrimi əsaslandırmalı idim. Bu yerdə tarixin ən böyük saxtakarlığına əl atdım. Sözümü belə əsaslandırdım ki, insan bədənində olan bütün mikroelementlərin hamısı gildə var. Sabirabad isə gilli torpaqdır. Bu da onu deməyə əsas verir ki, ilk insan bizim rayondan çıxıb. Hətta deyəndə ki, təpələrdən yel kimi, dərələrdən sel kimi neçə kilometrlərlə yol gələn Kürlə Araz bizim rayonda birləşir və bu böyük sevgi dastanıdır, onda tovuzlu dostum susdu. Və razılaşdı ki, Sabirabad qədim yer və müqəddəs torpaqdır. Mən öz rayonumuzu tərifləməyə məcbur olduğumdan, ağla gəlməyən fikirlər səsləndirdim. Çünki mənim doğulduğum rayonda Baba Səmid türbəsi və tapılan bir neçə saxsı qabları nəzərə almasaq, zəngin tarixi yoxdur.
Bax, ermənilər də belədir. Tarixləri yoxdur, amma böyük və ağla gəlməyən saxtakarlığa əl atırlar. Gah deyirlər Adəm ermənidir, gah deyirlər xristianlıq bizdə yaranıb, İsa Məsihin gözlərində qədim erməninin kədəri olub. Hətta Kolumbun erməni olmasını da sərsəmləyirlər. Azərbaycan əhalisi onlar qədər yalan danışmağı bacarmır. Çünki Azərbaycanın qədim tarixi o qədər boldur ki, nədən başlayıb nədən qurtaracağını bilmir. Bu insan psixiologiyasına da hakimdir. Kimin nəyi boldursa ondan danışmır. Kimin nəyi azdırsa, ondan bol-bol nağıllar uydurur. Paxıl ədalətdən danışır, ev yıxan ev tikməkdən söhbət açır, xain - insanların bir-birinin malında gözü olmamasını vurğulayır, bütün qadınlara pis gözlə baxanlar isə qeyd edir ki, hamı onun gözündə bacı-qardaşdır.
Mənə təsir edən odur ki, Parisdə Azərbaycanın mədəniyyət günlərinin keçirilməsinə, konsert verilməsinə, tariximiz və mətbəximizin nümayiş etdirilməsinə ağız büzənlərimiz də var. Mənə o təsir edir ki, Bakıda keçiriləcək Avropa Oyunlarını söz düzəldənlər və bununla xalqın narazılığını artırmaq istəyənlər mövcuddur. Deyirlər ki, bu bizə lazımdır? Bəs bu möhtəşəm işlər sənə nə vaxt lazım olacaq, əziz millətim? Məgər biz Avropa ölkələrinin idmançılarını ölkəmizə toplamağa layiq deyilik? Görün, işin harasıdır ki, martın 31-də azərbaycanlıların soyqırımında facebook sosial şəbəkəsindən o yana keçmədik. Uzaqbaşı, bir-iki erməni ilə çatlarda atışdıq. Onlar bizi söydü, biz də onları. “Əli və Nino” filminin çəkilişləri üçün İstiqlaliyyət küçəsi bağlanır, ən azı bir ay danışırıq. Axı bunun nəyi pisdir ki, dünyanın kino arenalarında filmimiz nümayiş etdiriləcək, o illər Bakısında baş verən hadisələrdən xəbər tutulacaq. “Oskar” mükafatının sahibi Nikita Mixalkov Bakıya gəlir, söz yayılır ki, rejissorun xeyri olmasa Bakıya gəlməz. Əziz millətim, Mixalkov Qriboyedovdan, ermənilərin Qarabağa köçürülməsindən film çəkmək istəyir. Əgər ortada filmin maliyyələşdirilməsi məsələsi varsa, bunun nəyi pisdir ki? Məgər, neçə illərdir ki, ermənilərin bura köçürüldüyünü hayqırmırıq? Əgər Fransa katakombalarının bərpasına pul ayrılırsa, xristian dünyasında humanist millət obrazını yaratmağın nəyi pisdir ki? Sanki, son illər bizdə belə işlərə pul ayrılmasına qıcıqlanma yaranır. Elə düşünürük ki, özümüzü dünyadan təcrid etməliyik, pul isə yalnız cibimizə qoyulmalıdır. Dünya özünütəcridi xoşlamır, o ölkəyə pis baxılır. Sabah hansısa böyük güc ölkəmizə müharibə elan edərsə, digərləri onu dəstəkləyəcək. Çünki bizi dünya mədəniyyətinə töhfə verməyən və özünütəcrid formasında yaşayan ölkə kimi əzəcəklər. Dünyanı ələ almaq lazımdır. Ən azından sabitliyimiz və rahatlığımız üçün.