Üstündən maşın keçmiş səs operatoru

-ustunden-masin-kecmis-ses-operatoru-
Oxunma sayı: 1569


Son vaxtlar ədəbiyyata dəxli olmayan, ədəbiyyatla yaxından-uzaqdan heç bir əlaqəsi olmayan adamlarla oturub-durmağa çalışıram. Gün-güzəran qayğısıyla yaşayan sadə insanların söhbəti mənə ləzzət edir, bu adamlar çox vaxt siyasətdən danışırlar. Onlar ömürlərində siyasətə aid bir kitab belə oxumayıblar, heç vaxt onların əlində qəzet də görməmişəm.  Onların siyasətlə bağlı mühakimələri, “təhlil”ləri televiziyadan eşitdiklərinə, gördüklərinə əsaslanır. Bu adamları dinləmək həmişə mənə maraqlı gəlib, onlar bəzən elə qəribə nəticələrə gəlib çıxırlar ki, mat qalırsan. Onlar quşun havada uçmağından sabahkı havanın necə olacağını dəqiqliklə müəyyən edən adamlardır. 

Neçə ildir Köhnə Yasamalda, Dağlı məhəlləsində yaşayıram. Uşaqlığı, gəncliyi dəniz kənarında keçən adam kimi özümü heç vaxt bu şəhər tünlüyündə təsəvvür etmirdim, indi də etmirəm. Mən kənddə heç vaxt darıxmırdım desəm, səmimiyyətimə inanın. Heç vaxt şəhərdə yaşamağı arzulamamışam. Neyləyəsən ki, həyat insanı çox şeyə məcbur edir. Uzun müddət yaşadığım məhəllədə heç kəslə ünsiyyət qurmamağa çalışdım, bütün günü dar-düdək küçələrdə, tində-bucaqda avaralanan adamları görəndə ürəyim sıxılırdı, onların əvəzinə də darıxırdım. Bu adamlar həyatlarına heç bir məna qata bilməyən, hansı məqsədlərlə yaşadıqlarını anlamaqda çətinlik çəkən adamlardır. Tində çöməlib oturan, burnunun suyu axan, sir-sifətini tük basmış cavan adamları görəndə dəhşətə gəlirdim, narkotika bir-bir hamısının axırına çıxdı. 

Yeddi-səkkiz ildi Dağlı məhəlləsində yaşasam da adamların adlarını indi-indi öyrənirəm. Gecə evdə havasızlıqdan boğulanda küçəyə çıxıram, məni samovar çayına da qonaq edirlər. Onların danışdığı əhvalatların hərəsi bir köşənin mövzusudur. Bu tərəflərin adamları çox mərd adamlardır, Bakının qədim adət-ənənələrinin ən çox qorunub saxlandığı yerlərdən biri də Dağlı məhəllələridir. 

Mən qaldığım həyətin o üzündə orta yaşlı bir kişi yaşayır, adam əsl hidrometeoroloqdur. Axşamüstü ötəri havaya göz gəzdirib proqnozunu verir. Neçə dəfə sınamışam, dedikləri düz çıxıb. Daha o kişinin dediyinə şəkk etmirəm. Desə ki, səhər yağış yağacaq, axşamdan su keçirməyən ayaqqabılarımı kandarda cütləyirəm. Hər dəfə ondan kefini soruşanda adama Sabirin məşhur şeiri ilə cavab verir: “Fəhlə, özünü sən də bir insanmı sanırsan, pulsuz kişi, insanlığı asanmı sanırsan?”

Deyir bu şeiri orta məktəbdə bizə əzbərlədiblər, o vaxtdan yadımda qalıb. Uşaqlıqda maşın üstündən keçib, sağ qalıb. Yeddi dəfə cərrahiyyə əməliyyatına məruz qalıb. Bu əməliyyatlar nəticəsində sinir sistemində problemlər yaranıb. Təmiz adamdır, heç kimlə işi olmaz. İndinin məşhur xanəndələriylə dostluqlarından danışır. Məsələn, rəhmətlik Yaqub Məmmədovla çox yaxın münasibətləri olub. Uzun müddət “palatka” toylarında belə demək mümkünsə, səs operatorluğu edib, apparatura quraşdırıb. O dövrün xanəndələri, musiqiçiləriylə bağlı xeyli xatirələri var.  Neçə dəfə onu danışdırmaq istəsəm də alınmayıb. Son vaxtlar yaman kasıblayıb deyə,  Sabirin şeiri onun hansı əhvalda olduğunu ifadə edir.