PFL və Topazın idman jurnalistlərini Premyer Liqanın bölgələrdə keçirilən oyunlarına səfər təşkili davam edir. Yolumuz cənuba idi. Azərbaycan çempionatının 2004-cü ildə bərpasından sonra əzəli rəqiblər adlandırılan “Xəzər Lənkəran” və “Neftçi” Lənkəranda üz-üzə gəlirdi. Amma bu dəfə hər şey fərqli idi. İlk dəfə heç bir iddiası qalmayan “ağ-yaşıllar” doğma azarkeşlər önündə “Böyük oyun”a çıxacaqdı. 2015-ci ilin yanvar ayında klubun strategiyasını dəyişməsindən sonra “Fırtınalar meydanı”nda ilk derbi keçirilirdi.
Bakıdan Lənkərana gedən yolda ən maraqlı məqam isə yerli polislərin bizi saxlayıb kim olduğumuzu soruşması idi. Bunun səbəbi isə AFFA-nın İntizam Komitəsinin qərarına əsasən 2013/2014 və 2014/2015 mövsümü Premyer Liqa və Azərbaycan kuboku matçlarında bu klubların öz aralarında keçirəcəyi oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulması idi. Təhülkəsizlik əməkdaşları öncədən tədbir görmək üçün cənub istiqamətinə hərəkət edən avtobuslara nəzarət etməyə başlamışdılar. Lənkərana girəcəydən məhz polislərin müşayiəti ilə stadiona doğru yollandıq.
Matçdan öncə isə bu qarşılaşma artıq “Böyük oyun” statusunu itirib deyənlərin sayı çox idi. Amma lənkəranlı azarkeşlərin digər oyunlara nisbətdə stadiona çox gəlməsi fərqli mənzərə yaradırdı. Yəni hələ heç nə bitməyib. Son 1 il 2 ayda ilk dəfə idi ki, cənubda belə səs-küy, belə azarkeşlik görürdüm. Sonuncu dəfə bu cür hala 2014-cü ilin 9 favralında rast gəlmişdim. Həmin vaxt cənub klubunun baş məşqçisi Mustafa Dənizli idi. 425 gün bundan öncə Lənkəranda həmin qarşılaşma da məhz “Xəzər Lənkəran” və “Neftçi” arasında idi. Həmin oyunda “Neftçi” 2:0 hesabı ilə öndə olsa da, cənublular son dəqiqələrdə Junior Nildo və Adrian Skarlatake ilə vurduğu qollarla 2:2-lik bərabərlik etməyi bacarmışdı. Hardan bilərdik ki, həmin oyunun təkrarına yenə şahid olacağıq?
Qarşılaşmanın start fitindən sonra cənub təmsilçisi Alfred Sanko ilə təhlükəli vəziyyət yaratdı. Həmin epizoddan sonra stadiondan gələn möhtəşəm səsə bəlkə də “Fırtınalar meydanı” özü də diskindi. Artıq 1 il 60 gün idi ki, o bu səsə həsrət idi. Matça meydan sahibləri daha yaxşı başladı. Lakin rəqib komandanın 14-cü dəqiqədə Julius Vobayla vurduğu mükəmməl qol “ağ-yaşıllar”ın kefinə soğan doğradı. 12 dəqiqə keçməmiş Erik Ramos hesabı 0:2 edərək yerlin fanatların ümidini azaltdı. Hesabda 2 top fərqi ilə geridə olan “ağ-yaşıllar”a növbəti zərbəsi isə Alfred Sanko vurdu. Afrikalı futbolçunun ardıcıl iki dəfə kobud oyunu meydandan qovulması ilə nəticələndi. Çətin duruma düşən Elbrus Məmmədovun komandası fasiləyə kimi qapısında daha bir neçə qol görə bilərdi ki, gah Vyekoslav Tomiçin inamlı oyunu, gah da bakılıların dəqiq oynamaması topun tora qovuşmasına mane olurdu. İlk hissəni öz xeyrinə başa vuran “ağ-qaralar”ın qələbə qazanacağını söyləyənlər arasında özüm də var idim. Amma sən saydığını say, gör fələk nə sayır.
İkinci hissənin start fitindən sonra isə tam fərqli matçın şahidi olduq. Cənub klubu 10 nəfərlə qalmasına baxmayaraq qol vurmaq üçün çalışırdı. Irəli atılan komandanın 62-ci dəqiqədə gələn qol daha da ruhlandırdı. 1:2 hesabı artıq futbolçulara da ümid verdi. Yerli fanatların çılğın dəstəyi ilə hücumlarını sayını artıran meydan sahibləri 74-cü dəqiqədə hesabda tarazlıq yaratdı. Ev tapşırığı ilə yerinə yetirilən cərimə zərbəsini Adrian Skarlatake dəqiq zərbə ilə tamamladı. Bundan sonra isə cənublu azarkeşlər susmaq bilmir və 3-cü qolu tələb edirdilər. Paytaxt klubunun çalışdırıcısı Arif Əsədov dəyişikliklərlə oyuna müdaxilə etməyi düşünsə də, planı baş tutmadı. 2-ci qoldan sonra ayılan “Neftçi” nə qədər çalışsa da, yenidən önə keçməyi bacarmadı.
Beləliklə, Lənkəranda daha bir “Böyük oyun” gözəlliyi ilə yadda qaldı. 1 il 60 gün bundan öncəki oyun kimi 2-2 hesabı ilə və demək olar ki, eyni ssenari ilə başa çatan matç hələ bu əzəli rəqabətin bitmədiyinə işarə idi. “Böyük oyun” tarixdən silindi deyənlər yanıldı. Məhz “Xəzər Lənkəran”ın 10 nəfərlə oynayaraq çempionatda 2-cilik, kubokda qalib olmaq üçün mübarizə aparan əzəli rəqibinə 0:2 hesabı ilə geridə olmasına baxmayaraq heç-heçə etməsi bunun göstəricisi idi.
Əzəli rəqabətlər heç zaman süni şəkildə yaradılmır. Belə oyunların hamısının təbii səbəbləri var. “Xəzər Lənkəran” və “Neftçi” arasındakı bu oyunun tarixçəsi isə Gəncədə keçirilən “Qızıl oyun”dan başladı. Məhz həmin ildən indiyə qədər dəfələrlə bu gərgin qarşılaşmanın mahiyyətini azlatmaq istəyənlərin arzuları hər dəfə yarımçıq qalıb. Bu dəfə də bunun üçün çalışanlara layiqli cavab verildi. Onsuz da əzəli rəqabətləri tarixdən silmək olmur və olmayacaq da...