Yadına ceyranlar düşdü...

-yadina-ceyranlar-dusdu
Oxunma sayı: 1911


Bakı 2015 1-ci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi məmur ordusuna öz vəzifələrini xatırlatmış oldu. Əyləşdikləri kürsülərə var-dövlət qazanmaq üçün vasitə kimi baxan səlahiyyət sahibləri, nəhayət, başa düşdülər ki, ölkəmizdə səfərdə olan minlərlə turistin yanında biabır olmamaq üçün yaxşı işləmək, nəzərəçarpan nöqsanları aradan qaldırmaq lazımdır.

Yayın istisində kondisionerli qatarda yol getmək insanın ruhunu təzələyir. Əgər 1-ci Avropa Oyunları Azərbaycanda keçirilməsəydi, Bakı Metropoliteninin rəhbərliyi sovet dövründən qalmış qatarları yeniləri ilə əvəzləməyi ağlının ucundan belə keçirməyəcəkdi. Kəkilli ingilislərin hesabına biz də adam kimi yol gedib-gəlirik.

Yarıtmaz fəaliyyəti ilə həmişə gündəmdə olan, özbaşınalığın hökm sürdüyü nəqliyyat sektorunda da əməlli-başlı nizam-intizam yaranıb. Daha sürücülər metro vaqonu boyda olan avtobuslarla mərkəzi prospektlərdə yarışa çıxmırlar. Onların təkcə xarici görkəmləri deyil, rəftar tərzi də dəyişib. Sabah evdən çıxanda axşam balalarımızın yanına sağ-salamat qayıdacağımıza indi daha çox inanırıq.

Başqa bir müsbət məqam isə odur ki, nəqliyyat müfəttişlərinin qapazaltı etdikləri taksi srücülərinin döyülməkdən canları qurtarıb. Ziya Məmmədovun qoçu dəstəsinin üzvləri hələlik özlərini mədəni aparırlar.

Bakı 2015 1-ci Avropa Oyunlarının davam etməsi cəmiyyətdə ictimai davranış qaydalarına da müsbət təsir göstərib. Əcnəbilərin yanında biabır olmaq istəməyən paytaxt sakinləri indi özlərini daha mədəni aparır, küçələri zibilləməkdən və yüksək səslə danışmaqdan maksimum yayınmağa çalışırlar. Müşahidələrimə əsasən deyə bilərəm ki, son gnlər küçələrə siqaret qutusu, saqqız qabığı, içdikləri sərinləşdirici içkilərin boş şüşələrini atan adamların sayı xeyli azalıb. Təkcə sıravi vətəndaşlar deyil, asayiş keşikçiləri də öz hərəkətlərinə çəki-düzən verməyə başlayıblar. Polis əməkdaşlarının vətəndaşlara “siz” deyə müraciət etməsi, onları təbəssümlə qarşılayıb, gülər üzlə yola salması məni çox sevindirir. Yəqin elə sizi də...

Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ən müxtəlif dövlət qurumlarının, o cümlədən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də fəaliyyətində canlanma yaradıb. Nəhayət, hörmətli nazirimiz Hüseynqulu Bağırovun yadına düşüb ki, təbiəti qorumaq, nəsli kəsilməkdə olan ceyranların qayğısına qalmaq lazımdır. ETSN-nin təşəbbüsü ilə Bakı küçələrində maarifləndirici lövhələrin yerləşdirilməsi müsbət haldır. Halbuki Məşədi İbadın hambalına oxşayan Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşidi Hacıqabulun Qarasu və Muğan kəndlərində bir neçə qartalı qanına qəltan edəndə cənab nazirin səsi də çıxmamışdı...

İnsan dünyaya bir dəfə gəlir. Başqa xalqlar kimi bizim də təmiz şəhərdə yaşamaq, kondisionerli vaqonlarda yol getmək, mədəni polislərin əhatəsində hərəkət etmək hüququmuz var. Yaxşı olardı ki, yenicə formalaşmaqda olan bu ənənələr 1-ci Avropa Oyunlarından sonra da davam etsin.