Yazarın yaltağa çevrilməsi

-yazarin-yaltaga-cevrilmesi
Oxunma sayı: 1821


Sükutu rejissor Rövşən Almuradlı pozdu: “Mədəniyyət Nazirliyinin ömründə bir məqalə yazmayan işçisi peşəkar rejissorun tamaşasını qəbul edir. Nə qədər bəsit bir düşüncə! Nə təhqiredici yanaşma! Bunlarla razılaşmayan rejissorlar ya çıxıb gedir, ya ona icazə verilmir, ya da qocalıb ölür. Gələcək nəsillər gorumuza söyəcək”.

Sonra xalq artisti İlham Əsgərov dilə gəldi: “Aktyordan heç kim qorxmur. Biz neyləyə bilərik? Asılı sənətik, kimlərinsə hüzurundayıq. Biri fəxri ad, biri maaş, biri mükafat, digəri isə ev istəyir. Ona görə də düz yol tuta bilmirik. Satqınlıq buradan əmələ gəlir. 37-ci ildə də belə olub. Ad-sandan ötrü dostlarını satanlar olub. İndi həmin dövrdəyik”.

Digər yaradıcı sahələrdə də belə acınacaqlı vəziyyət hökm sürür. Bəzi jurnalistlər 200-300 manat almaqdan ötrü məmurları tərifləyir, onlara mədhiyyə deyirlər. Şair və yazıçılar jurnalistlərdən də ağır vəziyyətdədirlər. Azərbaycan Yazıçılar Birliyinin balansında olan mənzillər bölünəndə elə sifətlər gördük ki, yüz il də bundan sonra yadımızdan çıxmaz. O vaxt AYB sədri Anar 4 yazıçıya bir mənzil verməklə narazıların çoxunu susdura bildi. İndi həmin 4 nəfər onlara verilmiş mənzili sata bilmirlər ki, özlərinə daxma qaralasınlar. Amma mikrofon görəndə hökumətin yaradıcı adamlara qayğısından elə danışırlar ki, ağızlarına çullu dovşan sığışmır.

Azərbaycan yazıçısının faciəsi Fəxri Xiyaban salındığı gündən başlayır. Bu adamlar fəxri ada, titula ona görə sahib olmaq istəyirlər ki, öləndə onları Fəxri Xiyabanda basdırsınlar. Lenini, Kommunist Partiyasını mədh edən cild-cild əsərlər bu arzudan yaranıb. Bu istək onların bəsirət gözünü bağlayıb. Nəticədə ətrafda baş verən haqsızlığı görə bilməyən yazıçı ilə oxucu arasında uçurum yaranıb. Sovet dönəmində işıq üzü görən minlərlə kitabın bu gün lazımsız əşyaya çevrilməsi ilk növbədə bununla bağlıdır.

Sovet hökuməti çoxdan dağılsa da, bu mənfi tendensiya hələ də davam edir. Titulları bir at arabasına sığmayan tanınmış yazarlar ətrafda baş verən neqativ hallara biganə qaldıqları üçün cəmiyyət onlara inanmır. Bir dəfə də yazmışdım: məktəbə geyinməyə ayaqqabı tapmayan Babək adlı şagirdin həyatı oxucuya sərkərdə Babəkin həyatından yüz dəfə maraqlıdır. Nə qədər ki, yazıçı nimdaş paltarından utandığı üçün məktəbə getməyən yeniyetmə Babəki görməməzlikdən gəlib, 1200 il əvvəl yaşamış sərkərdə Babəkin həyatından roman yazacaq, oxucu onun əsərini oxumayacaq. Necə olur ki, Teodor Drayzerin 100 il əvvəl yazdığı romanlar bu gün də sevilə-sevilə oxunur, amma Fikrət Qocanın iki ay əvvəl yazdığı əsərin adını heç kim xatırlamır? Bu, təkcə sənətkarlıq xüsusiyyətilə bağlı olan məsələ deyil. Drayzer hələ 20-ci əsrin əvvəllərində Amerika cəmiyyəti üçün xarakterik olan qüsurları ustalıqla açıb göstərə bilmişdi. Məgər Azərbaycan cəmiyyətində nöqsan yoxdur? Özünü yazıçı hesab edən adam ətrafdakı neqativ hallara biganə qalmamalıdır. İndi ədəbiyyata baxış dəyişib. Ədəbiyyat, nəhayət, öz missiyasını, yəni, həyatı bədii surətlər vasitəsilə əks etdirmək vəzifəsini yerinə yetirməlidir. Ədəbiyyatda gül-bülbül dövrü çoxdan arxada qalıb. Yazarın fikri, xəyalı göydə buludların yanında yox, yerdə olmalıdır. Çünki o, göydə buludlarla əlləşəndə Ziya Məmmədov yerdə min oyundan çıxır...