Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqan “Le Carrefour” (“Yol qovşağı”) qəzetinin 9 yaşı tamam olur.
“Qafqazinfo” xəbər verir ki, , 2007-ci il may ayının 14-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınan qəzet oxucularının görüşünə ilk dəfə iyul ayında gəlib. Bu barədə qəzetin təsisiçisi və baş redaktoru Zeynab Kazımova məlumat verib. O, bildirib ki, təsisçisi olduğu qəzetin yaradılmasında əsas məqsəd Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycan-Fransa arasındakı əlaqələrin inkişafına töhfə vermək, Azərbaycan haqqında fransızdilli oxuculara məlumat verməklə ölkəmizi tanıtmaq və xalqımızın milli və mənəvi dəyərlərinin, həmçinin mədəni irsinin təbliğidir.
Qəzet özünün ilk sayından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri fransız dilində oxucu kütləsinə çatdırır. Qəzet Azərbaycan və Fransa, eyni zamanda fransızdilli ölkələr arasında mədəni, iqtisadi, elmi əlaqələri inkişaf etdirmək, fransızlari və ümumilikdə, əcnəbiləri ölkəmizdə baş verən sosial-ictimai, mədəni, iqtisadi hadisələr barədə məlumatlandırmaq, onlara öz dillərində informasiya verməklə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, həmçinin Azərbaycanı Fransada və fransızdilli ölkələrdə tanıtmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək missiyasını öz üzərinə götürüb.
Zeynab Kazımova bildirib ki, bu ilin əvvəlində qəzetin saytı www.lecarrefour.az fəaliyyətə başlayıb və fransızdilli ölkələrdən olan oxuculara Azərbaycan haqqında öz oxucuları üçün maraqlı ola biləcək gündəlik məlumatlar verilir.
Qəzetin Fransanın Azərbaycandakı səfirliyi və fransızdilli digər ölkələrin səfirlikləri, ölkəmizdəki xarici şirkət və beynəlxalq təşkilatların yerli ofisləri ilə əlaqələri var.
Yeganə fransız dilli qəzet olmaqla bərabər, bu nəşrin həm bir sıra ali təhsil müəssisələrinin fransız dili üzrə müəllim və professor heyəti, o cümlədən tələbələri, bu dili öyrənən gənclər arasında çox maraqla qarşılanır.

Son xəbərlər
Son Xəbərlər