“10 min şəhid ailəsi və müharibə əlili mənzillərlə təmin olunub” - Prezident

10-min-sehid-ailesi-ve-muharibe-elili-menzillerle-temin-olunub
Oxunma sayı: 864

“Bu gün şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi təqdim edilir. Bu kompleks 810 mənzildən ibarətdir, böyük yaşayış kompleksidir. Mən indi burada yaradılmış şəraitlə tanış oldum, şərait çox müsbətdir, çox yaxşıdır. Evlər işıqlı, genişdir, 620 nəfərlik məktəb, uşaq bağçası artıq fəaliyyətə hazırdır. Yəni, burada rahat yaşamaq üçün bütün imkanlar var. Burada şəhid ailələri, Qarabağ qaziləri yaşayacaqlar”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində bildirib.

Dövlət başçısı qeyd edib ki, bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daim böyük diqqət göstərilir, sözdə yox, əməldə:

“Bunu təsdiqləyən rəqəmlər özlüyündə bunun göstəricisidir. Çünki son illər ərzində bu sahədə çox böyük işlər görülüb. Bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Keçən il, 2020-ci ildə biz bu istiqamətdə ən böyük göstəriciyə nail olduq -1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunub.

Elə keçən il mən demişdim ki, 2021-ci ildə biz öz vətəndaşlarımızı daha böyük sayda evlərlə, mənzillərlə təmin etməliyik və bu gün bunun nəticələrini görürük. Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və artıq bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunub. Bununla bərabər, biz uzun illərdir Qarabağ qazilərini fərdi avtomobillərlə də təmin edirik. Bu gün də bir neçə avtomobil təqdim ediləcək və bütövlükdə 7200 avtomobil verilib”.