100 mənzilin su sayğacını oğurlamışdılar, tutuldular - Fotolar

100-menzilin-su-saygacini-ogurlamisdilar-tutuldular
Oxunma sayı: 642

Paytaxtın Nizami rayonu ərazisində su sayğacları oğurluqlarının qarşısının alınması istiqamətində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.
        
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gürcüstan Respublikasının vətəndaşı Elçin Qurbanov şübhəli şəxs qismində saxlanılıb. Onun əlindəki sellofan torbaya baxış zamanı 5 ədəd su sayğacı aşkar olunaraq götürülüb.

E.Qurbanovla birlikdə Nizami rayonunda su sayğacları oğurlamaqda şübhəli bilinən daha bir nəfər, əvvəllər məhkum olumuş Zaqatala rayon sakini Eldar Xasayev saxlanılıb.

Saxlanılan şəxslər ifadələrində bu ilin yanvar ayından etibarən saxlanılan günə qədər  Nizami rayonu ərazisində təxminən 100 mənzilin su sayğacını oğurladıqlarını etiraf ediblər. Onlar oğurladıqları su sayğaclarının mis və latundan olan hissələrini Bakı şəhərinin müxtəlif yerlərində olan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər. Onların yaşadıqları mənzilə baxış zamanı külli miqdarda su sayğaclarının qırılmış hissələri aşkar olunub.

E.Qurbanov və E.Xasayevin ətrafında aparılan əlavə əməliyyat tədbirləri nəticəsində onların paytaxtın Nizami rayonundan əlavə eyni zamanda Sabunçu rayonunda vətəndaşlara məxsus su sayğacları oğurladıqları məlum olub.

Qeyd edilən faktlarla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Oğurluq sayğacların metal hissələrini alan qəbul məntəqələri sahiblərinin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.