2004-cü ildə Türkiyədə qadını öldürməkdə, sonra isə Azərbaycana qaçıb burada ad-soyadını dəyişib saxta ad altında yaşamaqda ittiham olunan şəxsin apellyasiya şikayətinə baxılıb.
Vəkil Vasif İsrafilov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, müdafiə etdiyi Sünmez Mehmet Halil oğlunun 2004-cü ildə Türkiyədə meyiti tapılan Meltem Putakı öldürməkdə təqsirləndirilən Yılmaz Akbaba olduğu istintaq tərəfindən iddia olunur.
Vəkil bu ittihamı qəbul etməyib və vəsatət verərək qeyd edib ki, müdafiə etdiyi şəxs, Sünmez Mehmet Halil oğlu 10.10.1978-ci il təvəllüdlüdür: “Onun 04.04.1974-cü il təvəllüdlü Yılmaz Akbaba olması barədə məhkəməyə heç bir sənəd təqdim edilməyib. Məhkəməyə təqdimatla müraciət etməmişdən qabaq heç bir tədbir görülməyib, Sünmüz Mehmet ilə Yılmaz Akbabanın şəxsiyyəti eyniləşdirilməyib. Sünmez Mehmet Halil oğlunun törədilən cinayətə aidiyyatı olmadan barəsində həbs qətimkan tədbiri seçilib”.
Sünmez Mehmet Halil oğlu barəsində bu il martın 19-da Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Vəkil Vasif İsrafilov vəsatətdə qeyd etdiklərinə əsaslanaraq bildirib ki, Səbail rayon məhkəməsinin 19.03.2016-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir: “Sünmez Mehmet Halil oğlu barəsində həbs qətimkan tədbirinin secilməsinə dair vəsatətin təmin edilməməsi və onun həbsdən azad edilməsi barədə qərar qəbul edəsiniz”.
Apellyasiya Məhkəməsi həbs qətimkan tədbirini qüvvədə saxlayıb.
Qeyd edək ki, 2004-cü ilin noyabrın 24-də Türkiyədə Turgutlu Manisa yolunun 5-ci km-də su kanalının kənarında otlar içində qadın meyiti tapılıb. Mərhumun paltarları üzərində bir ədəd dəliyinin tapıldığı, mərhumun tamamən çürümüş halda olduğu, aparılan təhqiqat nəticəsində mərhumun şəxsiyyətinin Meltem Putak olduğu və İzmir 9 Eylul Universiteti Ekonometrika fakültəsində təhsil aldığı müəyyən edilib. Onun ölümündə şühbəli şəxş kimi Yılmaz Akbaba tanınıb, Y.Akbaba mərhum Meltem Putakın tanışı olub.
Onun haqqında Turqutlu sülh Cəza Məhkəməsinin 03.12.2004-cü il tarixli qərarı ilə qiyabi həbs çıxarılıb və Beynəlxalq Axtarışa verilib.
Türkiyə Respublikası 1-ci Manisa Ağır Cəza Məhkəməsi tərəfindən beynəlxalq axtarışda olan 04.04.1974-cü il təvəllüdlü Yılmaz Akbabanın Azərbaycan Respublikası ərazisində 10.10.1978-ci il təvəllüdlü Sünmez Mehmet Halil oğlu adı ilə yaşadığı müəyyən edilib. 17 mart 2016-cı il tarixdə Bakı şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən tutularaq Səbail RPİ-yə təhvil verilib.
Murad Əhməd

Son xəbərlər
Son Xəbərlər