11 il öncə itkin düşən qadın… - - Cinayət

11-il-once-itkin-dusen-qadin-
Oxunma sayı: 3074


“Qafqazinfo”nun verdiyi xəbərə görə, 20 yaşlı Şəki şəhər sakini Xəyalə Mövsümovanın 2004-cü il oktyabrın 10-da xəbərsiz itkin düşməsi faktı üzrə müxtəlif fərziyyələr ətrafında çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 2013-cü il sentyabrın 27-də Şəki şəhəri, B.Vahabzadə küçəsindəki yarımçıq tikilinin zirzəmisində insan skeleti aşkar edilib və keçirilən kompleks məhkəmə-tibbi-kriminalistik və digər ekspertizaların rəyləri ilə həmin skletin Xəyalə Mövsümovaya məxsus olması müəyyən edilib. 

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun bilavasitə rəhbərliyi və nəzarəti altında Şəki şəhər-rayon Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının həyata keçirdikləri səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində X.Mövsümovanı qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhərində yaşayan əvvəllər dəfələrlə məhkum olunan 1982-ci il təvəllüdlü Ramil Salamov 2015-ci il aprelin 4-də şübhəli şəxs qismində tutulub. 

Aparılan istintaqla müəyyən edilib ki, R.Salamov 2004-cü il oktyabrın 10-da tanışı X.Mövsümovanı şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı qəsdən öldürmək məqsədi ilə adı çəkilən yarımçıq tikiliyə gətirib və boğaraq onu qəsdən öldürüb. R.Salamov cinayətin izlərini itirmək məqsədilə bir gün sonra yenidən həmin yerə gələrək meyiti basdıraraq gizlədib və əynindəki paltarları da çıxararaq zibillikdə yandırıb. 

R.Salamov 2015-ci il aprelin 5-də Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Murad Əhməd