112 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

112-belediyye-sedri-inzibati-mesuliyyete-celb-edilib
Oxunma sayı: 1277

Ötən il 112 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisə təqdim edilmiş “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə”də (2019-cu il üzrə) deyilir.

Ümumilikdə isə, ötən il bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim  olunmalı bələdiyyə aktlarının surətinin vaxtında təqdim edilməməsi və araşdırmaların aparılmasına maneəçilik törədilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən, bələdiyyələrin 131 vəzifəli şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Hazırda 19 işə məhkəmələrdə baxılmaqdadır.

Xatırladaq ki, 2018-ci ilin hesabatına əsasən, inzibati məsuliyyətə cəlb edilən bələdiyyə sədrlərinin sayı 133 idi. 2019-cu ildə isə bu rəqəm 112-dir.
Həmçinin ötən il bir bələdiyyə sədrinə cinayət işi açılıb.

Belə ki, Gədəbəy bələdiyyəsinin sabiq sədri tərəfindən təkbaşına qərarlar qəbul edilməsi, ikili protokollaşdırma aparılmaqla torpaq sahəsinin qanunsuz dövriyyədən çıxarılması  və təmir-tikinti işlərinin görülməsi adı altında 35 min 567 manatın büdcədən silinməsi faktları üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 308.2 və 311.3-cü maddələri ilə cinayət işi başlanıb.

Məruzədə həmçinin bildirilir ki, ötən il bələdiyyələr tərəfindən 1 285 akt ləğv edilib, 1 274 akt dəyişdirilib, 187 təklifə isə baxılmaqdadır.

Qeyd edək ki, hesabatı Milli Məclisə Ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edəcək.

Günel Türksoy