“Qafqazinfo” xəbər verir ki, mayın 22-ə olan məlumata görə, SABAH qruplarına 1147 tələbə qeydiyyatdan keçib. Onlardan 432 nəfəri qız, 715-i isə oğlandır. Qeydiyyatdan keçənlərin 774 nəfəri Azərbaycan, 89-u rus, 72-si ingilis bölməsində təhsil alan tələbələrdir. Hələlik daha çox xarici dil müəllimliyi (59), maliyyə (58), mühasibat uçotu və audit (49), Kompüter elmləri (37), dünya iqtisadiyyatı (30), elektronika mühəndisliyi (30), neft-qaz mühəndisliyi (29) ixtisasları üzrə təhsil alan tələbələr qeydiyyatdan keçiblər.
Qeyd edək ki, SABAH qruplarına tələbələrin seçimi təhsilin keyfiyyətinin daha da artırılması, tələbələr arasında sağlam rəqabətin formalaşması və müasir tələblər səviyyəsində kadrların hazırlanması zərurətindən yaranıb. SABAH qruplarında təhsil almaq istəyən tələbələrin qeydiyyatı iyunun 12-dək davam edəcək. SABAH qrupları 33 ali təhsil müəssisəsindən 8-nin bazasında yaradılacaq və 52 ixtisas olmaqla, 5 ixtisas qrupunu, ümumilikdə isə 20 minə yaxın tələbəni əhatə edəcəkdir.
Birinci semestrdə 61 baldan yuxarı göstəricisi olan tələbələrin iştirak edəcəyi qəbul prosesi 3 mərhələdən ibarət olacaq. Birinci mərhələdə qeydiyyatdan keçən tələbə daha sonra - ikinci mərhələdə 25 məntiq və 25 xarici dil olmaqla 50 sualı cavablandıracaq. Üçüncü mərhələdə isə tələbələr üçün şifahi müsahibədə təşkil ediləcək.
Növbəti tədris ilindən 1300 tələbə II kursdan etibarən SABAH qruplarında təhsil alacaq. SABAH qruplarında təhsil almaq üçün dövlət ali təhsil müəssisələrinin tələbələri ilə yanaşı özəl ali məktəblərin tələbələri də müraciət edə biləcək.
SABAH qruplarında təhsil almaq istəyən tələbələr qəbul qaydaları, seçim şərtləri və digər bu kimi məsələlərlə bağlı ətraflı məlumatları sabah.edu.az saytından əldə edə bilərlər.
Son xəbərlər
Son Xəbərlər