12 yaşında işə başladığı balaca atelyeni hazırda böyük fabrikə çevirən Arzu Leventin uğur hekayəsi maraqla qarşılanıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc qız maddi çətinliklərə görə orta təhsilini yarımçıq qoyub və ailəsinə kömək etmək üçün uşaq ayaqqabıları hazırlayan bir fabrikdə işə başlayıb. İşində əzmli və çalışqan olması onu qısa zaman ərzində irəliyə aparıb. Bir müddət sonra fabrikin ortağı, daha sora isə baş direktor vəzifəsinə kimi yüksəlib. 10 nəfərin çalışdığı balaca atelyeni hazırda 70 işçisi olan 5 mərtəbəli bir fabrikə çevirib. Hazırda fabrikin illik gəliri 5 milyon lirədir və 300 min cüt ayaqqabı istehsal edir.
Arzu Leventin 31 yaşı olmasına baxmayaraq 19 illik iş təcrübəsi var. 12 yaşında məktəbdən çıxmaq məcburiyyətində qalsa da, oxumaq xəyalını yarıda qoymayıb. Orta məktəb və liseyi qiyabi bitirib. Kursa gedərək xarici dil öyrənib. Hazırda xarici ölkələrdə xeyli sayda sərgilər təşkil edir. Gənc qızın xəyalları baş direktor olmaqla kifayətlənməyib. Ədalətli olmağı həyat prinsipi seçən Arzunun növbəti xəyalı isə hüquqşunas olmaqdır. İmtahanlara hazırlaşıb hüquq təhsili almaq istəyir.

Arzu Levent bu günə kimi ən böyük uğurunun atasının qız övladla bağlı fikirlərini dəyişdirməsi olduğunu deyib:
“Mən də qız uşağının təhsil almasının əhəmiyyətsiz hesab edildiyi bir ailənin övladıyam. İbtidai təhsilimi birinci olaraq tamamlasam da, orta təhsilimi yarıda qoyub işləmək məcburiyyətində qaldım. Müəlliməm də atama məni məktəbdən çıxartmasın deyə çox yalvarmışdı. Bu qədər uğurlarım bir yana, atamın illər sonra “kaş sənin kimi 50 qızım olardı” deməsi çəkdiyim bütün əziyyətləri unutdurdu. 19 il əvvəl bu işdə çalışan qız yox idi, mənim də bacaracağımı düşünmürdülər. İndi həyat hekayəmi qızlara danışaraq onları gələcəkləri üçün həvəsləndirməyə çalışıram”.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər