122 kiloqramdan artıq heroin aşkarlandı - Video

122-kiloqramdan-artiq-heroin-askarlandi
Oxunma sayı: 1602

Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyaya alma yükü aparan İran vətəndaşı Nasiri Sadaghiani Peymanın idarə etdiyi “Scania” markalı "39AA901/39AA902" dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, baxış zamanı kinoloji xidmət iti yük nəqliyyat vasitəsinin müxtəlif hissələrinə, eləcə də dartıcının kabinəsinə reaksiya verib. Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən müxtəlif rəngli 153 kapsula aşkar edilib.

Xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun arxa hissəsinə, iki taylı qapısına da reaksiya verib. Bundan sonra yük nəqliyyat vasitəsi Astara gömrük postunun inzibati ərazisində olan stasionar rentgen qurğusundan keçirilib.

Bu zaman qapıların hər iki divarının arasında yerləşən, qoşqunun temperaturunun tənzimlənməsi məqsədi ilə zavod konstruksiyasında nəzərdə tutulmuş penoplast kütləsinin çıxarıldığı və yerinə qapının hündürlüyü boyunca qara rəngli parçaya bükülən 12 ədəd bağlamada hər birində 17-21 ədəd olmaqla, ümumilikdə 240 ədəd yapışqanlı lentlə sarınmış, düzbucaqlı formalı bağlamalar aşkarlanıb. Baxış zamanı bağlamalarda 122 kq 480 qram açıq-qəhvəyi rəngli narkotik vasitə - heroinin qablaşdırıldığı məlum olub.