“Qafqazinfo” həmin bəyanatı təqdim edir:
Ötən il İsmayıllı rayonunda idarəetmədə buraxılan səhvlər ucbatından əhali və yerli icra hakimiyyəti arasında qarşıdurma yaşandı. Nəticədə, etirazçılar hüquq pozuntularına yol verərək, təqsirli bildikləri tərəfi özləri cəzalandırmaq qərarına gələrək, bir sıra qanun pozuntularına yol verdilər, əmlaka zərər yetirmələrlə sonuclanan olaylar baş verdi. Bu hadisələrdən sonra yerli icra hakimiyyəti dəyişdirilməklə yanaşı, qarşıdurmalarda günahlandırılan bir neçə ictimai fəal və hadisələrin iştirakçıları cinayət məsuliyyətinə cəlb olundu.
İctimaiyyət bu olayların obyektiv araşdırılması və gerçək hüquqi qiymət alması istiqamətində öz gözləntilərini dəfələrlə bəyan etsə də, təəssüf ki, ibtidai istintaq və məhkəmə araşdırılması zamanı çoxlu qanun pozuntularına yol verildi, təqsirləndirilən şəxslərin müdafiə hüquqları təmin edilmədi. Məhkəmə araşdırması zamanı qanunun aliliyi prinsipi, Cinayət Prosesual Qanunvericiliyin tələbləri, beynəlxalq hüquq normaları kobud surətdə pozuldu.
Dövlət ittihamçısı dünən öz çıxışında təqsirləndirilən şəxslərə, Müsavat başqanının müşaviri T. Yaqubluya və REAL hərəkatının sədri İ. Məmmədova çox ağır cəza istədi. Prokurorun hüquq və ədalət tələblərinə əsaslanmadığl, məsələyə siyasi hakimiyyətin maraqları kontekstindən yanaşması göz önündədir.
Belə yanaşmalar, Azərbaycan məhkəmə sisteminin müstəqil olmaması anlamına gəlməklə, insanlarda haqq -ədalətə inamın itirilməsinə, dövlət və hakimiyyətə münasibətdə güvən hissinin azalmasına xidmət edir, təkhakimiyyətlilik qorxulu bir tendensiyaya çevrilir.
Sadaladığımız bu hallara yol verməmək üçün, dərhal bir sıra addımlar atılmalı, işə baxan məhkəmənin tam müstəqilliyi təmin olunmalı, təqsirləndirilən şəxslərə qarşı ədalətli qərar qəbul edilməsi üçün şərait yaradılmalıdır. Biz, ölkənin demokratikləşməsində, hüquqi dövlət quruculuğunda iştirak etmək məqsədilə bir araya gəlmiş 125-lər siyasi klubu olaraq, xalqımız və dövlətimiz naminə bu addımların atılmasını səlahiyyətli qurumlardan xahiş edir, insanların haqq və hüquqlarının təmin olunmasını tələb edirik.
Son xəbərlər
Son Xəbərlər