“Qafqazinfo”ya daxil olan məlumata görə, müzakirə 125-lər siyasi klubunun üzvləri və dəvət olunmuş qonaqların iştirakı ilə baş tutub. 125-lər siyasi klubunun sədri İlhamiyyə Rza tədbiri açıq elan etdikdən sonra qeyd edib ki, hal-hazırda ictimai həyatda fəal olan və insan hüquq müdafiəçilərinin həbsi cəmiyyətdə ciddi narahatlıq yaradır və bu prosesin vətəndaş cəmiyyəti sektoruna təsiri müzakirə olunmalıdır. İntiqam Əliyevin vəkili məhkəmə prosesi haqqında məlumat verib.
Anar Qasımlı qeyd edib ki, İntiqam Əliyevin evində və iş yerində axtarış zamanı qanun pozuntusuna yol verilib və istintaq zamanı ittiham olunan tərəfin müdafiəsi üçün lazım olan bütün sənədlər götürülüb. Müzakirələr zamanı hal-hazırda sosial şəbəkələrdə və ictimaiyyətdə geniş müzakirə olunan siyasi dustaqların siyahısı məsələsinə toxunuldu və klub üzvləri bildirdi ki, siyahı ilə yalnız ətraflı şəkildə tanış olduqdan sonra onu müzakirəyə cıxarmaq olar.
Tədbirdə iştirak edən Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadə həbs olunan insanların müdafiəçilərinin istintaq sirri olmayan və qanunla qadağan olunmayan məlumatın cəmiyyətə ötürülməsinin əhəmiyyətindən danışıb və bildirib ki, ittihamların əsassız olduğunu təsdiq edən məlumatlar olduğu təqdirdə ictimaiyyətə verilməlidir. Tədbirin sonunda siyasi həbslərlə bağlı bəyanatın verilməsi qərarı verilib.
Son xəbərlər
Son Xəbərlər