13 ildən sonra eyni gərginlik...

13-ilden-sonra-eyni-gerginlik
Oxunma sayı: 4048

“Avroviziya”nın açılış mərasimi bu gün olsa da, yarışma ətrafında qalmaqallar səngimək bilmir.

“Qafqazinfo” xəbər verir ki, hər şeydən əvvəl Kiprdən olan müğənni Yelena Tsaqrinanın ifası və şousu gündəmdən düşmür. Əvvəlcə o, “El diablo” mahnısı ilə “şeytanı tərifləmək”də təqsirləndirilib. İndi də İsveç ulduzu Zara Larssonu yamsılamaqda ittiham edilib. Belə ki, Yelenanın yarışma üçün təqdim etdiyi klip Larssonun “Love me land” hitinin dəqiq bir surətidir.

Bənzərlik müğənnilərin paltarlarında da müşahidə olunub. Albaniyadan olan Angela Peristeri, moldovalı Natalya Gordienko, Maltadan olan “Destiny” qrupunun solisti və Kiprdən olan Yelena Tsaqrina məşqlərdə bənzər geyimlərdə qarşımıza çıxıblar. Sonuncu dəfə belə bir bənzərlik 2008-ci ildə olmuşdu. Belə ki, İsveç, Ukrayna və Ermənistan kimi bir çox ölkə təmsilçiləri demək olar ki, eyni səhnədə tamaşaçı qarşısına çıxmışdılar.

Azərbaycan təmsilçisi Samirə Əfəndinin müzakirələrə səbəb olan Rüfət İsmayıl imzalı geyimi də üçüncü dəfə dəyişikliyə məruz qalacaq. Belə ki, təmsilçimiz mətbuat konfransında bildirib ki, yarımfinalda dəyişdirilmiş bir geyimdə səhnəyə çıxacaq.

Xatırladaq ki, Əfəndinin libası və şousu günlərdir sosial şəbəkələrdə tənqidlərə məruz qalır. Azərbaycan nümayəndə heyəti bunu nəzərə alaraq geyimdə kiçik dəyişikliklər etməyə məcbur olub.