15 iyun bugünkü reallıqlarımızın başlanğıc tarixi oldu

15-iyun-bugunku-realliqlarimizin-baslangic-tarixi-oldu
Oxunma sayı: 1918

“Tariximizə qızıl hərflərlə yazılan 15 iyun-Milli Qurtuluş Günü ərəfəsindəyik. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü ilin  15 iyun tarixində ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il  iyunun 15-də ümummilli lider  Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi.  1997-ci ilin  iyun ayında isə Milli Məclis 15 iyun tarixinin Milli Qurtuluş Günü elan edilməsi ilə bağlı qərar qəbu etdi.  Milli Qurtuluş Günü  bugünkü reallıqlarımızın başlanğıc tarixi oldu.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

“Ulu öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz lider kimi təsdiq edib. Ulu öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi: xalqın Heydər Əliyevə olan möhkəm, sarsılmaz inamı və dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti və Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi. Qurtuluşdan başlanan inkişaf yolu Azərbaycana möhtəşəm uğurlar qazandırdı.

Ümummilli lider sabitliyi hər bir ölkənin inkişafında vacib amil kimi önə çəkərək Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu. Nizami ordu yaradıldı. Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı.  Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. İlk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir”, - deputat bildirib.

Deputat qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi, torpaqlarımızın tarixi sahibinə qovuşması idi: “Məhz buna görə 2003-cü ildə xalqa tarixi müraciətində ulu öndər  Azərbaycanın gələcəyini düşünərək növbəti inamın ünvanını göstərdi. Bu əminliyi ifadə etdi ki, axıra çatdıra bilmədiyi işləri İlham Əliyev axıra çatdıracaq və ona özü qədər inanır, gələcəyinə böyük ümidlər bəsləyir. Son 20 ildən artıq dövrün reallıqları ümummilli liderin ümidinin doğrulduğunu, Azərbaycanın məhz onun görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəldiyini təsdiqləyir”.