Dünyanın ən qədim futbol komandaları hansı liqada çıxış etməsindən asılı olmayaraq həmişə diqqət mərkəzində olub. “Qafqazinfo” xəbər verir ki, hətta həvəskar liqada çıxış etməsinə baxmayaraq maraq doğurmağı bacarırlar.
Dünyanın ən qədim və hazırda mübarizəsini davam etdirən komandaları ilə sizi tanış edirik:
1. “Vrexham” klubu – 1864-cü ildə Uelsdə yaradılıb. Bu komanda ölkənin ən tarixi komandasıdır. Uelsə “əjdahalar” ləqəbi də məhz bu kluba görə verilib.

2. “Royal Encine Assosiasiyası” – Ingiltərə ordusuna bağlı olan bu klub 1863-cü ildə yaradılıb. Klubun əsasını Françis Marindi qoyub. “İstehkamçılar” ləqəbinə sahib klubun ən böyük uğurları 1870-ci illərə təsadüf edib.

3. “Sivil Servis” – İngiltərə Futbol Federasiyası ilə eyni vaxtda qurulan komanda (1863) Londonu təmsil edir. Yarandığı vaxt reqbi komandası da olan “Sivil Servis” daha sonra sadəcə futbol sahəsində inkişaf etməyə başladı. Amma komanda heç vaxt peşəkar liqada oynamayıb. Hələ də Cənub Həvəskar Liqasında mübarizə aparır. Komanda 2013-cü ildə 150 illiyi münasibəti ilə qürur matçına çıxmışdı.

4. “Stok Siti” – İngiltərə Premyer Liqasında mübarizə aparan bu komandanın əsası Çarterhaus məktəbinin şagirdləri tərəfindən qoyulub. Öncə komandanın adı “Stok Ramblers” olub. 1928-ci ildən isə “Stok Siti” adlandırılmağa başladı. “Dulusçular” ləqəbi ilə tanınan komandanın stadionu olan “Britaniya Stadium”un əsası 1977-ci ildə qoyulub.

5. “Notts Kounti” – 1862-ci ildə yaradılan bu komanda rekord sahibidir. 1889-cu ildən 2014-cü ilə qədər 125 il ərzində 4750-dən çox qarşılaşmaya çıxması ilə rekord qırıb.

6. “Krey Uonderers” – Bu komanda 1860-cı ildə qurulub. İstmiys Liqasında mübarizə aparan klub Londonun ən qədim klubudur. Onların “Hayes Leyn” adlı 5 min nəfərlik stadionu var.

7. “Hallam” – 1860-cı ildə əsası qoyulan komanda Şeffild şəhərini təmsil edir. Klubun stadionu olan “Sandiqeyt Road” ən qədim arena kimi “Ginnesin Rekordlar kitabı”na düşüb.

8. “Lima”- 1860-cu ildə qurulub. Perunun paytaxtı Lima şəhəri ilə eyni adı daşıyır. Klubun əsası bu ölkəyə gələn ingilislər tərəfindən qoyulub. Komanda hazırda ölkəsinin San İsidro Liqasında çıxış edir.

9. “Kembric Universiti” – 1857-ci ildə yaradılıb. Klubun beyzbol və futbol komandaları olaraq əsası qoyulub. Komandanın oyunlarını keçirdiyi “Greync Road” stadionu hələ də Kembric Universitetinin həyətindədir.

10. “Şeffild” – Dünyanın ən qədim futbol komandasıdır. 1857-ci il oktyabrın 24-də əsası qoyulub. Hazırda Şimal Premyer Liqasının 8-ci qanadında mübarizə aparır. Komandanı kriket oyunçuları yaradıb. “Koaç and Horses Arena” adlı stadionu cəmi 2 min 89 nəfər tutur.

Son xəbərlər
Son Xəbərlər