186 min nəfərə elektron qaydada arayış verilib

186-min-nefere-elektron-qaydada-arayis-verilib
Oxunma sayı: 2031

Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət sahələri üzrə 186 min şəxsə elektron qaydada arayış verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "Qafqazinfo"ya verilən məlumata görə, nəticədə vətəndaşlar hər hansı quruma müraciət etmədən, Nazirliyin e-arayış xidmətlərindən istifadə edərək müvafiq arayışları əldə ediblər. 

Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə elektronlaşma proqramı çərçivəsində ötən il 13 e-arayış xidməti istifadəyə verilməklə,  nazirliyin  e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Bu xidmətlər vətəndaşların iş yerinə və ya əlilliyə dair, pensiya, müavinət və təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayışlar əldə edə bilməsinə imkan verir.

2020-ci ildə Nazirlik  tərəfindən fəaliyyət sahələri üzrə daha 15 növdə e-arayış xidmətinin yaradılması, e-arayış xidmətlərinin sayının 30-a çatdırılması nəzərdə tutulub.